Fuad Qəhrəmanlı: “Cinayət işinin materiallarından görünür ki, ssenarini Asif Yusiflinin adamları yığıb Milli Məclisə yönəltməsi yönündə qurublar”
Tovuz istiqamətindəki döyüşlərdən sonra 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşüylə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunanlardan 12-nin işi üzrə məhkəmə istintaqı başa çatıb. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Məmməd İbrahim də var.
Şərti olaraq, “Qarabağ məhbuslarının işi” adlandırılan bu məhkəmə prosesi Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçirilir. Amma cinayət işi üzrə məsuliyyətə cəlb olunan 37 nəfərin işi bir neçə qrupa ayrılıb, onları Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov və bu məhkəmənin hakimləri mühakimə edir.
İyunun 10-da Fuad Qəhrəmanlı və daha 11 nəfərin işi üzrə Ağamalı Qafarovun sədrliyilə keçirilən məhkəmə prosesində prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar (yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s.) məhkəmə istintaqı zamanı şahid və zərərçəkmiş ifadələri, videogörüntülər və başqa sübutlarla təsdiqini tapıb. Prokuror təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) maddələrilə cəzalandırılmasını istəyib. Lakin cəzanın şərti hesab edilməsini təklif edib. Prokuror Fuad Qəhrəmanlı və Məmməd İbrahimin hər birinə 4 il 6 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmlinin hər birinə 4 il, digər təqsirləndirilən şəxslərin hər birinə isə 3 il 6 ay şərti cəza verilməsini istəyib.
Daha sonra vəkillər müdafiə nitqilə çıxış edib. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslər haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər. Onlar bildiriblər ki, prokuror ittihamın sübuta yetirildiyini ümumi şəkildə desə də, fikrini əsaslandırmadı. Vəkillər vurğulayıb ki, məhkəmədə dindirilən polislərin əksəriyyətinin ifadələri ziddiyyətli olub, onların yalan danışdığı konkret faktlarla üzə çıxarılıb.
Təqsirləndirilən şəxslər də son sözlərində ittihamların əsassız olduğunu, heç bir fakta əsaslanmadığını bildiriblər. Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Məmməd İbrahim ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiklərini deyiblər. Onlar ittihamın siyasi sifarişli olduğunu vurğulayıblar.
Təqsirləndirilən şəxslərin son sözündən sonra hakim hökm çıxarmaq üçün müşavirəyə gedib.
Məhkəmədən sonra Fuad Qəhrəmanlı deyib ki, heç bir fakt olmadan dövlətin öz vətəndaşlarını bu şəkildə şərləməsi hüquqa qarşı təcavüzdür: “Cinayət işinin materiallarından görünür ki, ssenarini Asif Yusiflinin adamları yığıb Milli Məclisə yönəltməsi yönündə qurublar. O biri tərəfdən də cəbhəçilərin “Facebook”da daxili “Söhbət” adlı qrupunda Asif Yusifli həmin gün soruşur ki, bilmirsiz, yürüş hansı istiqamətdə gedəcək, mən də qoşulmaq istəyirəm? “Baş təxribatçı” yürüşün istiqamətini bilmir. Bu dərəcədə absurd cinayət işidir. Heç bir dəlilə, arqumentə söykənmir. Bu cür iddialarla insanların məhkum edilməsi hüquqa təcavüzdür. Bu, təkcə Xalq Cəbhəsinə təzyiq deyil, Azərbaycanda hüququn hörmətdən salınmasıdır. Açıq-aydın görünür ki, hüquqdan bir qamçı kimi istifadə olunur”.
Fuad Qəhrəmanlı hesab edir ki, bu işlə bağlı hökm çıxarılarkən mütləq onun Qarabağ probleminin həllinə gələcəkdə təsiri də mütləq nəzərə alınmalıdır:
“Dövlətçilikdən çox danışırlar, deyirlər ki, şikayətləri kənara çıxarmaqla dövlətin nüfuzuna zərbə vurursuz. Sabah bu iş Avropa Məhkəməsinə çıxanda nə olacaq? Əgər sən əlindəki səlahiyyətlə hüquqdan öz vətəndaşlarına qarşı belə sui-istifadə edirsənsə, başqalarının hüquqlarına necə təminat verə bilərsən? Bu cür hallardan Qarabağı Azərbaycandan qoparmaq istəyənlər bizim əleyhimizə istifadə edəcəklər. Məhkəmə bütün bu nüansları, milli mənafelərimizi nəzərə almalıdır. Bizim haqqımızda bəraət hökmü çıxarılmalıdır”.
“Qarabağ məhbusları”nın işi üzrə daha üç məhkəmə prosesi davam edir.