Nərmin Şahmarzadə - Qadınlara zorakılıq əleyhinə “Dözmə, Yürüş Et!” aksiyasında

Mənbə: Najaf Ruslanoglu

Başlıq: Nərmin Şahmarzadə - Qadınlara zorakılıq əleyhinə “Dözmə, Yürüş Et!” aksiyasında

Prokuror Nərmin Şahmarzadənin həbsini istədi

Öz “Facebook” səhifəsində Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı statuslara görə məhkəməyə verilən ictimai fəal Nərmin Şahmarzadənin 3 il həbs olunması istənilib.

N.Şahmarzadə Milli Qəhrəmanın anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunub. Bu işə Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyilə baxılır.

Oktyabrın 21-də keçirilən məhkəmə iclasında hakim ekspert rəyini elan edib. Rəydə yazılıb ki, statuslardakı bəzi ifadələr ( “öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır”; “Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman”) M.İbrahimovun şərəfini ləkələyən, onu nüfuzdan salan fikirlərdir.

N.Şahmarzadə rəyi ədalətli hesab etmədiyini bildirib: “Bu qədər biabırçı linqvistik ekspertiza rəyi görməmişdim”.

O, Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayevin sosial şəbəkələrdə özünü bu iş üzrə xüsusi ittihamçı kimi təqdim etməsinə də etirazını bildirib. Yada salıb ki, onun iddiası qəbul edilməmişdi, xüsusi ittihamçı yalnız Şamama İbrahimovadır.

“Mənim kimisə qəhrəman hesab edib-etməməyim adamları belə narahat edirsə, mən daha nə deyim”, - deyə N.Şahmarzadə bildirib.

O, əlavə edib ki, yazılarında “əli silahsız” ifadəsi yoxdur. Lakin qarşı tərəf iddiasında onun yazmadığı ifadələri də qeyd edir.

Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov bildirib ki, N.Şahmarzadənin əvvəl məhkəmədə qaldırdığı vəsatətlərdə də həmin fikir var.

“Mənim dediyim sizin anladığınız aspektdə deyil. Mən müharibədən sonra doğulanları, 1999-2000 təvəllüdlüləri nəzərdə tuturam. Bu müharibəyə, bu vəhşətə son qoyulmalıdır. Torpaqları müharibə ilə, qan tökməklə yox, başqa formada almağa çalışmalıyıq. Mənim istədiyim budur ki, qan tökülməsin. Bu proseslərdən sonra doğulanların əli qana batmasın. Əli qana batmayan biri mənim düşmənim ola bilməz”, - deyə N.Şahmarzadə bildirib.

Ş.İbrahimovanın vəkili R.Rüstəmov xatırladıb ki, bu gün də cəbhədə Azərbaycan hərbçiləri öldürülür və onlara güllə atanlar yeni nəsil hərbçilərdir.

“Çünki keçmiş nəsil yeni nəslə nifrət toxumu səpir. İstər bu tərəfdə, istər o biri tərəfdə. Qarşı tərəf məni də düşmən gözündə görür. Halbuki, mən heç kimi öldürməmişəm”, - deyə N.Şahmarzadə cavabında bildirib.

Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Ş.İbrahimovanın vəkili çıxış edib. Deyib ki, N.Şahmarzadəyə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrlə irəli sürülən ittihamlar sübuta yetirilib və cəzalandırılmalıdır. O, N.Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

N.Şahmarzadənin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 24-nə qədər təxirə salınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2xrmmb

Ən çox baxılan