MTN-in general və polkovniklərinə 10 ildən 14 ilə qədər həbs tələb olundu

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

“Alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş general Mövlam Şıxəliyev, bu idarədə çalışmış polkovniklər – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov, rəis müavini Sahib Ələkbərovun işi üzrə 10 aydır gedən məhkəmə istintaqı yekunlaşıb. İyulun 26-da Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror çıxış edərək, sabiq MTN-çilərə cəza istəyib.

Dövlət ittihamçısı təklif edib ki, general Mövlam Şıxəliyev 14 il, Yasin Məmmədov və Vüsal Ələkbərovun hər biri 12 il, Sahib Ələkbərov isə 10 il azadlıqdan məhrum edilsin. Onların üzərində həbs olan əmlakları isə müsadirə olunsun. Müsadirəsi təklif olunan əmlakların ümumi dəyəri 9 milyon manatdan çoxdur. Həmin əmlakların da böyük hissəsi general və onun ailə üzvlərinə məxsusdur.

Prokurorun məhkəməyə təklifləri arasında təqsirləndirilən şəxslərin rütbələrinin alınması da vardı.

Prokurorun çıxışından əvvəl məhkəmədə bir sıra hadisələr baş verib. Zərərçəkmişlər ötən məhkəmə iclasında Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyasına yazılı şəkildə etiraz verərək, bu işə onların obyektiv baxıb, ədalətli hökm çıxarmasına inanmadıqlarını bildiriblər. Onlar etirazlarını əsaslandırarkən Elbəy Allahverdiyevin vaxtilə müstəntiq olduğu dövrdə bir müddət MTN-də Mövlam Şıxəliyevin rəhbərliyi altında fəaliyyət göstərməsini yada salıblar. Zərərçəkmişlər deyir ki, 10 ay davam edən məhkəmə prosesi boyu hakimin prosesi birtərəfli aparması, keçmiş MTN-çilərə rəğbət göstərməsi müşahidə olundu. Onlar zərərçəkmişlərin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmadığını vurğulayıblar.

Lakin hakimlər zərərçəkmişlərin onlara verdiyi etirazı təmin etməyib.

Ötən məhkəmə iclasında zərərçəkmişlərin vəsatətlərindən biri də keçmiş Baş prokuror Zakir Qaralov, onun birinci müavini olmuş Rüstəm Usubov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Haciyev, DTX-da baş idarə rəisinin müavini vəzifəsində çalışan Mamay Qulubəyov, orada xidmətdə olan Rafiq Abdullayev, MTN-in İstintaq Baş İdarəsinin rəis müavini olmuş Təhsin Ağayevin məhkəməyə çağırılıb dindirilməsi haqda idi. Zərərçəkmişlər vəsatətlərində göstərib ki, qanunsuz həbs olunmalarında, ailələrindən külli miqdarda pul alınmasında, barələrində saxta ittihamla hökm çıxarılmasında adları çəkilən şəxslərin də rolu olub.

Zakir Qaralov və Rüstəm Usubov. Foto: Azərtac.

“Məhkəmə istintaqı zamanı məlum oldu ki, kecmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov da Mövlam Şıxəliyev və digərlərilə əlbir olub. Onlar Mövlam Şıxəliyevi, eləcə də bu gün məhkəmə qarşısında dayanan və dayanmayan digərlərini himayə ediblər. Bu qruplaşmanın əməlləri sayəsində təkcə bu iş üzrə 36 nəfər Azərbaycan vətəndaşı girov götürülüb. Bu adamların ailələri zəlil günə qoyulub, evləri, əmlakları satdırılıb. Həbs adıyla girov götürülmüş Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub”, – zərərçəkmişlər bildirib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər də açıq şəkildə bildiriblər ki, MTN-nin İstintaq İdarəsində araşdırılan cinayət işlərinə Baş Prokurorluğun rəhbərliyi nəzarət edirdi. Xüsusən Rüstəm Usubovun şifahi və yazılı göstərişi əsasında cinayət işi başlanılması, həbs qətimkan tədbiri secilməsi və ya ev dustaqlığıyla əvəzlənməsi, əməlin hansı maddəyə tövsif olunması kimi məsələlərdə qərar verilirdi.

Hakim Elbəy Allahverdiyev zərərçəkmişlərin bu vəsatətinin də təmin olunmadığını açıqlayıb.

Daha sonra zərərçəkmişlərdən Qulam Bağırovun vəsatəti müzakirəyə çıxarılıb. O, təqsirləndirilən şəxslərdən Sahib Ələkbərovun məhkəmə zalında həbs edilməsini, ona hədə-qorxu ilə tələb etmə ittihamının da verilməsini istəmişdi.

Qulam Bağırov vəsatətini əsaslandırarkən bildirib ki, 2009-cu ilin noyabr-dekabr aylarında MTN-də müstəntiq olan Sahib Ələkbərov onun qanunsuz həbsilə bağlı vəsatət verib. Həbsdə olduğu müddətdə özünün məlumatı olmadan ailəsinə hədə-qorxu gəlib, yaşadığı evi, maşınını, yaxınlarının qızıl-zinət əşyalarını satdırıb, 135 min dollar pul alıb. Bundan sonra onu həbsdən buraxıblar.

Zərərçəkmişin sözlərinə görə, o, sonradan MTN-ə gedərək, Sahib Ələkbərovla Təhsin Ağayevdən ailəsindən alınan pulu geri tələb edib, heç bir cinayət törətmədiyini bildirib:

“Sahib Ələkbərovun əməlində Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin tərkibi var. Ona bu maddə ilə də ittiham verilməlidir. Ailəmdən pulu zorla, hədə-qorxu ilə alıb. Mənə deyirlər ki, niyə istintaq dövründə bu barədə vəsatət verməmisən? İstintaq dövründə nə bizi üzləşdiriblər, nə istintaqın gedişi haqda məlumat veriblər. Zərərçəkmiş olaraq, bizi bütün proseslərdən kənarda saxlayıblar”.

Sahib Ələkbərov. Foto: Meydan TV

Hakimlər heç bir əsas göstərmədən bu vəsatətin də təmin olunmadığını bildiriblər.

Zərərçəkənlərdən Hüseyn Səfərov hakimin vəsatətləri təmin etməməsinə etirazını bildirib:

“Heç bir vəsatətimizi təmin etmirsiniz. Zərərçəkən Əfsəl Həsənəliyev sizin qanunsuz hərəkətlərinizə etiraz olaraq, bu məhkəmə zalında özünü yandırmaq istədi. Siz də dediniz ki, “gedin, harada istəyirsiniz, özünüzü yandırın”. Siz ədalətsizlik etsəniz, ədalətsiz hökm çıxarsanız, biz də onun aksiyalarına dəstək verəcəyik. Hakim kimi siz də buna cavab verəcəksiz. Mövlam Şıxəliyev bu qədər mal-mülkü haradan alıb? Bu adam Rusiyada, Dubayda, Ukraynada, Türkiyədə və ölkə daxilində çox böyük varidat sahibidir. Bu qədər var-dövlət haradandır? Əlbəttə ki, bizim kimi Azərbaycan vətəndaşlarının girov götürülməsi, ailələrindən külli miqdarda pul alınması hesabına…”.

Bundan başqa, təqsirləndirilən general öz ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib. Zərərçəkmişlər də buna da etiraz ediblər:

“Biz nə bilək ki, o vərəqdə nə yazıb məhkəməyə verdi? Bizim ona suallarımız vardı…”.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Ardınca prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.

Təqsirləndirilən şəxslərdən general Mövlam Şıxəliyev istisna olmaqla, digərləri həbsdə deyil. Dövlət ittihamçısı Vüsal Əliyev çıxışında onların da məhkəmə zalından həbs olunmasını təklif edib.

Movlam Şıxəliyev
Mənbə: APA

Bu iş üzrə məhkəmə prosesində 1 ay fasilə verilib. Sabiq MTN-çilərin məhkəməsi avqustun 30-da davam edəcək.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Vüsal Ələkbərov. Mənbə: Meydan TV

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Ana səhifəSiyasətMTN-in general və polkovniklərinə 10 ildən 14 ilə qədər həbs tələb olundu