Yazıçı Fərman Kərimzadənin oğlu dələduzluqda ittiham olunur
Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində yazıçı Fərman Kərimzadənin dələduzluqda ittiham olunan oğlu Əziz Kərimzadənin məhkəməsi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror Əziz Kərimzadənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 8-də davam edəcək.
İttihama görə, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.