AXCP üzvünün istintaqı yekunlaşdı
İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədlinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F.Əhmədlinin vəkili Əsabəli Mustafayev tərəfindən ötən iclaslarda verilmiş vəsatətlərlə bağlı qərar elan edilib. Məhkəmə qərarına görə, vəkil tərəfindən verilmiş əlavə şahidlərin çağırılıb dindirilməsi, “Azərfon” MMC-yə sorğu ilə müraciət edilib Fuad Əhmədlinin vəzifəli şəxs olub-olmamasını müəyyən edilməsi, “Azərfon” MMC-nin icraçı direktorunun çağırılıb dindirilməsi, “Azərfon” MMC-də məxfi məlumatların toplandığı xüsusi avadanlığın olub-olmamasını yoxlamaq, zərərçəkmiş şəxslərin statuslarına xitam verilməsi barədə vəsatətlərin heç biri təmin edilməyib. Daha sonra iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış edərək, təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Ə. Mustafayev isə çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Proses iyunun 16-da davam edəcək.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.