“Formula 1”də yeyintidə ittiham olunan şəxsə 10 il cəza istənildi

Çingiz Mehdiyev. Foto: Azərtac

Onun üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməsi, üzərinə həbs qoyulmuş 1 milyonluq əmlaklarının müsadirə olunması da tələb olunub

Bakıda keçirilən “Formula-1” yarışlarının təşkili zamanı 397 min manatdan çox büdcə vəsaitini mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Çingiz Mehdiyevin üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini, eləcə də üzərinə həbs qoyulmuş 1 milyonluq əmlaklarının müsadirə olunmasını tələb edib.

Prokuror çıxşında təqsirləndirilənin məhkəmə zalında həbs edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 13-ə təyin olunub.

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinə rəhbərlik etmiş Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 397 min manatdan çox pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi açılıb.

1975-ci il təvəllüdlü Çingiz Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2013-cü ildə yaradılmış “Baku Grand Prix” şirkətinin hüquqi varisidir. Bu şirkət “Formula-1” Avropa Qran Pri yarışlarının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmışdı.

Çingiz Mehdiyev 2015-ci ildə şirkətə əməliyyat meneceri kimi işə götürülüb. 2016-cı ildə şirkətin İdman Əməliyyatı şöbəsinin rəhbəri təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə işləyib.

Çingiz Mehdiyev “Formula-1” yarışlarının keçirilməsi üçün ayrılan vəsaitlərin bir hissəsini Seyşer adalarında anası Leyla Əliyevanın adına qeydiyyatdan keçmiş “Dayton İnvestment LTD” şirkətinin, ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəməkdə ittiham olunur. Adıçəkilən şirkət və şəxslərlə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında yarışların təşkilində lazım olan malların alınması, xidmətlərin göstərilməsi barədə müqavilələr imzalanıb. İttihama əsasən, pullar Gürcüstan və Estoniyadakı bankların hesablarına köçürülüb.

Sürücünün hesabına 376 min manat, Leyla Əliyevanın adına olan şirkətin hesabına isə 980 min dollar pul köçürülüb.

İttihama görə, Çingiz Mehdiyev lazım olan avadanlıqları xaricdən özü gətirdib, gömrükdə qiymətlərini artıq göstərib. İstintaq araşdırma nəticəsində 397 min 852 manat mənimsəməyə yol verildiyi qənaətinə gəlib.

Cinayət işinin materiallarına əsasən, baş verənlər barədə hüquq-mühafizə orqanlarına Çingiz Mehdiyevin keçmiş həyat yoldaşı Nərminə Əkbərova məlumat verib. Onlar 2023-cü ildə boşanıblar.

Çingiz Mehdiyev özünü təqsirli bilmir.

Müdafiə tərəfi ötən iclaslarda cinayət baş verən dövrdə Bakı Şəhər Halqası əməliyyat şirkətinin rəhbəri olmuş mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da məhkəmədə dindirilməsini istəmişdi, lakin vəsatət baxılmamış saxlanılmışdı.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edir. Mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyan 397 min 852 manat təşkil edir. Mehdiyev həmin məbləğin 100 min manatını geri ödəyib.

Ana səhifəSiyasət“Formula 1”də yeyintidə ittiham olunan şəxsə 10 il cəza istənildi