Prokuror ”Çudo-Peçka”ların sahibinə 13 il həbs istədi

Çingiz Cəlilovun 7 milyon 300 min manatlıq əmlaklarının üzərinə həbs qoyulub

Source:
Çudo Peçka
Çudo Peçka


Çingiz Cəlilovun 7 milyon 300 min manatlıq əmlaklarının üzərinə həbs qoyulub

Bakıdakı “Çudo Peçka” mağazalar şəbəkəsinin həbsdə olan sahibi Çingiz Cəlilovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edib. O, deyib ki, Ç.Cəlilova qarşı CM-nin 179 (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Prokuror təklif edib ki, Ç.Cəlilov 13 il azadlıqdan məhrum edilsin.

Ç.Cəlilov “Bank Standard”ın İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə birlikdə bankın 13 milyon 962 min manat vəsaitini mənimsəyib, öz aralarında bölməkdə ittiham olunur. Ona görə bank da zərərçəkmiş qismində bu prosesə cəlb olunub.

Bankın nümayəndəsi prokurorun çıxışıyla həmfikir olduqlarını söyləyib.

Məhkəmədə qaydaya görə, ittiham tərəfindən sonra müdafiə tərəfi çıxış etməlidir. Ç.Cəlilovun vəkili Janna Bağırova isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona iyulun 20-nə qədər vaxt verilib.

İttihama görə, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Ç.Cəlilov S.Krimanla əlbir olub, Müşahidə Şurasının razılığı olmadan yaxınlarının adına bankdan 21 milyon 874 min manat kredit götürüb. Əvəzində isə dəyəri dəfələrlə şişirdilmiş əmlaklar girov qoyulub. Həmin kredit müqavilələrinə bir neçə dəfə dəyişiklik edilib, qaytarılma müddətləri uzadılıb və son nəticədə bankın 13 milyon 962 min manatı mənimsənilib.

Ç.Cəlilovun 7 milyon 300 min manatlıq əmlaklarının üzərinə həbs qoyulub.

Ç.Cəlilovla yanaşı, S.Kriman da 2016-cı il sentyabrın 28-də təqsirləndirilən şəxs qismində cəlb olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixli qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib və “İnterpol” xətti ilə axtarışa verilib. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda ittiham olunur.

Ç.Cəlilov özünü təqsirli bilmir və düşdüyü vəziyyətə görə, S.Krimanı günahlandırır. Bildirir ki. S.Kriman onu aldadıb, pulları da özü mənimsəyib. Ç.Cəlilovun sözlərinə görə, onun yaxınlarının adına rəsmiləşdirilmiş kreditlərin əksəriyyəti ona gəlib çatmayıb.

Ç.Cəlilov məhkəmədə bildirib ki, bankın gerçək sahibi keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev və yaxınları idi. İş adamı baş verənlərə görə həm də onları günahlandırıb.

Ç.Cəlilov müğənni Röya Ayxanın keçmiş qayınatasıdır.

Ana səhifəXəbərlərProkuror ”Çudo-Peçka”ların sahibinə 13 il həbs istədi