Prokuror binanın yanmasında təqsirləndirilən şəxslərə şərti cəza istədi

Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər

Source:
foto APA


Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər

Dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun növbəti məhkəmə iclası keçirilib.

Meydanın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatması elan edilib. Dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək təqsirləndirilən şəxslərdən F. Sadıqovla Z.Əşrəfovun hər birinə 4 il müddətinə şərti cəza verilməsini istəyib. Prokuror çıxışında bildirib ki, təqsirləndirilən şəxslərdən N. Muxtarov dünyasını dəyişdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilməlidir. İclasda çıxış edən təqsirləndirilən şəxslərin vəkilləri isə onlara bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış etmək üçün vaxt istəyiblər. Buna görə iclasda fasilə elan edilib.

2015-ci il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib. Təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada ölüb.

Ana səhifəXəbərlərProkuror binanın yanmasında təqsirləndirilən şəxslərə şərti cəza istədi