Vəkilin vəsatətləri təmin edilməyib
Bu gün, iyunun 20-də Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəyib.
Prokurorun çıxışından öncə vəkil məhkəmə istintaqının yekunlaşmasına etiraz edib, bir sıra vəsatətlər qaldırıb. Vəsatətlər isə təmin edilməyib.
Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.