Prokuror 11 ”Gəncə məhbusu”nun cəzasının azaldılmasını istəyib

Təqsirləndirilən şəxslərin valideynləri bəraət tələb ediblər

Source: Foto: Meydan.tv


Təqsirləndirilən şəxslərin valideynləri bəraət tələb ediblər

Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində prokuror Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən 11 nəfərin – Maarif Hacıyev, Şahlar Rzayev, Kamal Məhərrəmov, Orxan Yağnəliyev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Araz Həsənov və Vaqif Əşrəfovun cəzasının azaldılmasını təklif edib. Dövlət ittihamçısı Ceyhun Əliyev həmçinin onlara verilən ittiham maddələrinə də dəyişiklik olunmasını məqsədəuyğun sayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələrilə – ötən il iyulun 10-da Gəncədə kütləvi iğtişaşların təşkili və həmin vaxt polis əməkdaşlarına müqavimət göstərib, onların sağlamlıqlarına ziyan vurmaqda ittiham olunurlar. Gəncə Hərbi Məhkəməsi də onları bu maddələrlə təqsirli bilib. Maarif Hacıyev 9 il, Şahlar Rzayev, Kamal Məhərrəmov və Orxan Yağnəliyev 8 il 6 ay, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyev 8 il, Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay azadıqdan məhrum edilib.

Prokuror təklif edib ki, 315-ci maddə ilə verilən ittihama dəyişiklik edilsin, təqsirləndirilən şəxslərin əməli 315.1 maddəsinə tövsif edilsin. Həmin maddədə ancaq hakimiyyət nümayəndəsinə müqavimətdən söhbət gedir, xəsarət yetirmədən yox. Prokuror Maarif Hacıyev, Ruslan Həsənov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyevə 5 il 6 ay, Şahlar Rzayev, Tural Bayramov, Kamal Məhərrəmov, Araz Həsənov və Orxan Yağnəliyevə 5 il, Vaqif Əşrəfova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.

Daha sonra vəkillər çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu bildirib, bəraət verilməsini istəyiblər.

Valideynlər də prokurorun çıxışına etiraz ediblər.

Gəncə məhbuslarının yaxınları həmçinin Bakı Apelyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər.

“Bizim günahsız balalarımızı aparıb bir ildən çoxdur zülm eləyirlər. Bizə də zülm eləyirlər. Qalmışıq yollarda, yorulmuşuq artıq. Prezidenti də, məmuru da yaxşı bilir ki, bütün bunlar qurama oyundur. Qaytarın bizim övladlarımızı. Günahsız adamlara “cinayətkar”, “terrorçu” damğası vurmağı Allah da götürməz”, – deyə valideynlər etiraz aksiyasında bildirib.

Ana səhifəXəbərlərProkuror 11 ”Gəncə məhbusu”nun cəzasının azaldılmasını istəyib