Professor Söyüdlüdən danışdı: “Məsuliyyət daşıyan adamlar yerində deyil”

Söyüdlü kəndi. Foto: Meydan TV

O deyir ki, ictimaiyyət SOS siqnalına görə söyüdlülərə təşəkkür etməlidir

İyunun 20-də Gədəbəyin Söyüdlü kəndində başlanan etirazlar polis postunun qoyulması ilə nəticələnib.

Kəndə kənar şəxslərin daxil olması qadağası davam edir və həbs olunanların buraxılması ilə bağlı tələbləri hakimiyyət rədd edib.

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov mövcud ekoloji-sosial böhranı, ümumən, idarəetmədə özünü göstərən qüsurlarla, illərlə həllini gözləyən problemli məsələlərlə əlaqələndirir.

Bu barədə Meydan TV-yə danışan alim deyir ki, baş verənlər bir-birini səbəbləndirən və doğuran hadisələrdir:

“Əlbəttə ki, məsuliyyət daşıyan adamların yerində olmaması özünü açıq göstərir. Elə icra başçısının çıxışından, əhali ilə davranışından cox şey aşkarlandı. Bəlli oldu ki, yetərli biliyə, insanlarla məqbul ünsiyyət mədəniyyətinə və idarəçilik səriştəsinə malik deyil, rəhbərlik etdiyi rayonun sosial-iqtisadi durumunu, əhalini narahat edən problemlərin dərinliklərini anlamaqda və çıxış yollarını tapmaqda çətinlik çəkir. Lakin problemin bütün məsuliyyət yükünü bu gənc icra başçısının üzərinə yükləmək də istəmirəm. Çünki belə kompleks xarakterli taleyüklü məsələlər yalnız onun səviyyyəsində həll olunmur”.

Ə.Abbasov bildirib ki, ictimaiyyət SOS siqnalına görə söyüdlülərə təşəkkür etməlidir:

İndiyə qədər dəyən ziyana görə onlara heç bir kompensasiya verilməyib, hansısa yardım olunmayıb və hazırda sosial-iqtisadi, tibbi-humanitar baxımdan yaşanan acınacaqlı vəziyyət insanları sözünü deməyə vadar edib. Bu, əslində, vətəndaş cəmiyyətinə xas olan özünütəşkilatlandırmanın, yəni üfüqi koordinasiyanın bir ifadə forması idi və normal hal kimi qiymətləndirilməlidir. Ona görə də sakinləri qınamaq, iradlar tutmaq, baş vermiş hadisənin yaranma səbəblərini uydurma amillərə bağlamaq, nəhayət, prosesə siyasi don geyindirmək qətiyyən məqbul sayıla bilməz. Qeyd edim ki, üfüqi özünütəşkilatlanma “xalq” adlandırdığımız tarixi birliyin əsasında duran başlıca fenomenlərdən birinin – kənd icmasının mövcudluq üsulu və şərtidir”.

Foto: Əbülhəsən Abbasovun şəxsi arxivindən

Məncə, yalnız polis gücünə, zor və təqiblər hesabına problemi həll etmək cəhdi doğru-düzgün yanaşma deyil. Əlbəttə ki, AMEA-ın Geologiya və Geofizika İnstitutu, aidiyyəti mütəxəssislər, bu məsələlər üzrə tanınmış alimlərimiz münasibət göstərib, müvafiq açıqlamalar versəydilər, yaxşı olardı. Çünki bu sahədə daha çox və əhatəli tədqiqatlar həmin institut tərəfindən aparılıb”, – professor belə deyib.

O hesab edir ki, institutun hazırki rəhbəri, AMEA-nın sabiq prezidenti Akif Əlizadə də məsələyə münasibət bildirməlidir: “Mütəxəssislərin əsaslandırılmış fikirlərinə böyük ehtiyac var. Ola bilər, onlara müraciətlər də olunmur, ancaq alimlər də yalnız müraciətlər əsasında sözlərini deməməlidirlər”.

Professor deyir ki, özü geoloq olmasa da, bəzi suallar onu düşünür:

“Ümumiyyətlə, ötən əsrin 60-70-ci illərində SSRİ rəhbərliyi bir qrup alimi təkcə Söyüdlüyə yox, Gədəbəy rayonunun bir sıra kəndlərinə geoloji kəşfiyyata göndərmişdi. Yəqin ki, həmin alimlər boş-boşuna o ərazilərə gəlmirdilər. Görünür, yeralıtı sərvətlər baxımından ortalıqda hansısa cəlbedici kəşfiyyat materialları olub. Mən o vaxt məktəbdə rus dilində oxuduğumdan həmin alimlərlə təmas qura bilirdim və onlara müəyyən suallar da verirdim. Əlbəttə, cavablarından sezirdim ki, müəmmalı və məxfi danışırlar. Sonralar bir tanış geoloqdan, Gədəbəy yataqları barədə görkəmli alim, akademik Mirəli Qaşqayın fikirlərini öyrəndim. Mirəli müəllim, gülümsəyərək, həmin geoloqa demişdi: “A bala, o məsələ sənlik deyil, Moskva hələlik oranı toxunulmaz zona elan edib”. Nəzərə alın ki, o vaxtlar SSRİ Elmlər Akademiyasına M.Keldış və A. Aleksandrov kimi nəhəng alimlər, məsuliyyətlərini dərindən anlayan şəxsiyyətlər rəhbərlik edirdilər. Dünyaşöhrətli belə alimlərin SSRİ hakimiyyətinə təsirləri də böyük idi”.

“Biz azərbaycanlılar həmin torpaqların övladlarıyıq, məndə Sovet alimlərinin apardıqları kəşfiyyatların nəticəsi indi də maraq doğurur. Yəni hansı metal və minerallar, nadir elementlər kəşf edilib və yeraltı sərvətlərə dair əldə olunan bilgilər nədən ibarətdir?! Azərbaycan hökumətində o məlumatlar, tam olaraq, varmı? Dünyanın yeni düzəninin formalaşdığı, onsuz da gərgin olan geosiyasi durumun daha da mürəkkəbləşdiyi bir dövrdə bu məsələlər olduqca böyük və artan aktuallıq kəsb edir. Bu gün neft-qazdan çox, bəlkə də, günbəgün dəyəri artan yeraltı sərvətlər – nadir metal və minerallar, torpaq elementləri dünya güclərinin nəzər-diqqətini çəkməkdədir. Bunlar yaxın gələcəkdə “qara qızıl”dan da qat-qat qiymətli milli sərvət kimi bizim üçün daha da strateji əhəmiyyətli xammal ola bilər. Belə ki, müasir və gözlənilən sənaye inqilablarının taleyi məhz bu maddə və elementlərdən asılıdır. Bio-texnologiyalar, nano-texnologiyalar, xüsusi keyfiyyətlərə malik yeni materialların hazırlanması, tibbi və məişət alətlərindən tutmuş robototexnikaya, süni intellektə, kosmik missiya və hərbi sənayeyə kimi – bütün sahələrin, o cümlədən, kənd təsərrüfatının inkişafı bu maddi daşıyıcılarla bağlıdır ”, – deyə Əbülhəsən Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti və ictimaiyyəti yeraltı sərvətlərin istifadəsində maksimum uzaqgörən və gözüaçıq, ehtiyatlı və qənaətcil olmalıdır:

İstehsal və emalda rentabelliyə, ekoloji-humanitar və insani-intellektual məsələlərə ciddi önəm verilməlidir. Bugünkü cüzi qazanc naminə perspektivdə əldə edə biləcəyimiz sərvəti tükəndirməməliyik. Ən vacibi: taleyüklü ümummilli məsələlərə gələcəyə strateji baxış bucağından və ümumxalq maraqları mövqeyindən baxmalı və yanaşmalıyıq”.

Alimin fikrincə, səmərəlilik və ekoloji təmizlik tələblərinə cavab verməyən, insanların səhhətinə təhlükə yaradan istehsal və emal müəssisələrinin, əgər köklü modernizasiya mümkün deyilsə, dayandırılması daha məqsədəuyğun olardı:

Vacibdir ki, ekstensiv istehsala yox, yeni biliklərə söykənən intensiv iqtisadiyyata üstünlük verək”.

Ana səhifəSiyasətProfessor Söyüdlüdən danışdı: “Məsuliyyət daşıyan adamlar yerində deyil”