Professor Gədəbəydəki ekoloji vəziyyəti fəlakət adlandırdı

Söyüdlü, 20 iyun. Foto: Meydan TV

““SOS” siqnalı verilirsə, kəndlilərə qarşı polis dəyənəyi ilə hərəkətlənmək ağılsızlığın və qəddarlığın bariz nümunəsidir”

Əslən Gədəbəy rayonundan olan professor Əbülhəsən Abbasov Söyüdlü kəndinin ekoloji və sosial problemlərinin uzun müddətdir ki, davam etdiyini bildirir.

Bu barədə Meydan TV-yə danışan Əbülhəsən Abbasov baş verənləri “hiddət doğuran vəziyyət” adlandırıb.

Onun sözlərinə görə, 10 ildən çoxdur ki, Söyüdlü kəndində qızıl mədənləri ekoloji vəziyyəti daha ağırlaşdırıb:

Qayğısı və himayəsi olmayan Gədəbəyə gedəndə bu ağırlığı bütün mənalarda görürsən. Birincisi, yerli əhali sosial-iqtisadi baxımdan ağır durumdadır. Qızıl mədəninin fəaliyyətindən əvvəl də beləydi, mədən işə düşəndən sonra tədricən pisləşdi. Ciddi surətdə ekoloji problemlər yarandı, səbəb də istehsalda vacib texnoloji tələblərin yerinə yetirilməməsidir. Bəlkə də, maliyyə xərcləmək istəməmələrindəndir. Ümumləşdirsək, vicdansız yanaşma nəticəsində ekoloji təsir özünü göstərdi və arıdan başlayaraq mal-qaraya qədər tələfat artdı. Əgər mədən heyvanlara təsir edirsə, insanlara da təsir edəcəyi şübhəsizdir. Xüsusən kənd əhalisində əvvəllər az rast gəlinən xəstəliklər yayılmağa başladı, konkret olaraq, onkoloji və qan xəstəlikləri”.

Ə.Abbasov icra başçısı Orxan Mürsəlovun ekoloji problemlərin nəticəsində xəstəliklərin yayılmasını dedi-qodu saymasına belə reaksiya verib:

“İcra başçısı ondan artıq nə deyə bilər? Onun danışdıqları ilə deyil axı… Ekoloq olmasaq da, internet vasitəsilə araşdırıb sianid turşusunun nəyə qadir olduğunu bilmək çətin deyil. Zəhərdir, mən özüm bunu yaşamışam. 3-4 il əvvəl rayonun mərkəzində qonaq oldum, səhər oyananda gördüm ki, pəncərələr tütün rəngi ilə örtülür, axşam silirlər, səhər yenə eyni mənzərə. Səbəbini soruşdum, zəhərli tullantıların axıdıldığı gölü göstərdilər. Həm də nəzərə alın ki, sonradan həmin axın Şəmkir çayına yönəldilir. Bu, fəlakətdoğurucu istehsaldır”.

Professorun sözlərinə görə, bütün bunların müqabilində yerli əhaliyə kompensasiya verilmir:

“Üstəlik, rayon və kənd də sərhəd zonası olduğundan yaşayış çətindir. Baxmayaraq ki, həmin insanlar I Qarabağ müharibəsində əsgərlərlə gecə-gündüz səngərlərdə dayanıb. O insanların sosial vəziyyətini görmək çox ağırıdır”.

Foto: Əbülhəsən Abbasovun şəxsi arxivindən

Söyüdlü də daxil olmaqla rayonun ora yaxın kəndlərinin sakinləri maddiyyat hərisi deyillər. Bəlkə də, ruh hesabına yaşayırlar, sadəcə, torpaqlarına vurğunluq, haramdan uzaqlıq, ədalət sevərlik onları orda saxlayır. Sosial vəziyyət və ekoloji təsir günü-gündən mənfi təsir göstərsə də, torpağa bağlılıq hesabına yaşayırlar”, – deyə Əbülhəsən Abbasov əlavə edib.

Kəndə girişin məhdudlaşdırılmasına gəlincə, professor deyib ki, vəziyyəti mürəkkəbləşdirmədən ayıq gözlə yanaşma tələb olunur:

Bu gün Gədəbəydə humanitar fəlakət baş verir. Əhalinin yaşayışı və ekoloji durum humanitar fəlakətdir. Onu polis gücünə, idarəetməni maddi maraqlara, doymayan iştahlarına söykəməklə həll etmək ağır fəsadlar verə bilər. Çünki həmin bölgədə maddi maraqlarla ruh üz-üzə gəlib. Söyüdlülərin etirazını maddi istək səviyyəsində də qiymətləndirmək səhvdir. Sadəcə, haqsızlıq və ədalətsizlik, onların qürurunu tapdalamaq və onların övladlarının müxtəlif xəstəliklərə yoluxmasını başqa bir müstəvidə dəyərləndirmək lazımdır. Bu, elə-belə “mənə çörək ver, yeyim” məsələsi deyil. Mərkəzi hökumət həmin toplumu tanımır, bəlkə də, ən dözümlü toplumdur. Amma onlar etiraz edirlərsə, bu, ruhun etirazıdır. Burada ciddi şəkildə maddiyyatla ruhun toqquşması baş verir. Son nəticədə maddiyyatın tərəfində olanlar xalqın qayğısına qalmasa, ruhun üzərində qələbə çalmaq mümkün olmayacaq. Yaxın tarixə baxsınlar, dünyanın ən böyük ölkəsi olan SSRİ nədən dağıldı, bütövlükdə maddiyyat üzərində qurulması səbəbindən. İndiki Rusiya geniş resurslarına rəğmən gözümüz önündə çöküşünü yaşayır. Ona görə də uzun müddətli ruha basqı etmək, “SOS” siqnalı verəndə, kəndlilərə qarşı polis dəyənəyi ilə hərəkətlənmək ağılsızlığın və qəddarlığın bariz nümunəsi olduğundan yaxşı nəticə vermir”.

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.

Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.

Etiraza səbəb olan süni göl kənddə yaradılan ikinci su hövzəsidir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Ana səhifəSiyasətProfessor Gədəbəydəki ekoloji vəziyyəti fəlakət adlandırdı