Rövşən Hacıbəyli

Mənbə: Foto: Meydan tv

Başlıq: Rövşən Hacıbəyli

Problem axtaran prezident

Problemləri öyrənməyin, adamların dilindən eşitməyin daha asan yolları var

Prezident İlham Əliyev yenə təğyiri-libas olub rayonları gəzməyə çıxıb. O, Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi ilə bağlı rayon sakinləriylə görüşündə deyib ki, əsas işi daxili məsələlərdir, elə bu işlə məşğul olduğuna görə Azərbaycan çox uğurla inkişaf edib. Onun sözlərinə görə, beynəlxalq hesabatlarda belə Azərbaycanın uğurlu inkişafı öz əksini tapıb. Ancaq problemlər də var: "Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun”. Yaxşı, uğurlu inkişafda bu qədər problem olmamalıdır axı. Prezidentin əsas işi də diyarbədiyar gəzib problem öyrənmək olmamalıdır, bunun üçün onun komandası var və bu komandanın üzvləri elə problemlərin həlli ilə məşğul olmaları üçün maaş alırlar. Prezidentin rayonlara səfərinin məqsədi əhalinin problemlərini öyrənmək olsa da, elə həmin səfərlərin bir rayon deyil, bütün region üçün nə qədər problemlər yaratdığının dəfələrlə şahidi olmuşuq. Şəxsən mən prezidentin Sabirabadda pambıq müşavirəsindən qayıtdığı vaxt bir neçə saat yolda qalmışam. Elə sonuncu, oktyabrın 28-də olan səfər zamanı da bir neçə rayonun sakinlərinin ciddi problemlərlə üzləşdiyi şübhəsizdir.

Hörmətli prezident, bu qədər xərc çəkib rayonlara getməyə, üstəlik, yolboyu əhalini kola-kosa soxmağa, dağa-daşa dırmaşdırmağa gərək yoxdur. Sizin maşın sürətlə gedir, görə bilmirsiz bunları. Getdiyiniz yolların niyə boş olmağıyla maraqlanmısınızmı? O yollar boş deyil, adamları sizdən 5-10 metr o yana sıxışdırıb qabaqlarını kəsiblər, yalnız siz keçib gedəndən 10-15 dəqiqə sonra onlara yollarına davam etməyə icazə verilir.

Problemləri öyrənməyin, adamların dilindən eşitməyin daha asan yolları var. Kosmos əsri, özümüz də kosmik ölkəyik, yuxarıda peykimiz də var. Yeni əsrin yeni imkanlarından yararlanmalıyıq. Onlardan biri canlı efirdir. İstənilən telekanalda canlı efirə çıxırsız, canlı telefon bağlantısı təşkil olunur, zəng vurub dərdini, problemini demək imkanı hər kəsə yaradılır. Zaura, Xoşqədəmə zəng vurmaq üçün növbəyə dayanan xalqımız sizin canlı bağlantınıza qoşulmaq üçün kontur nədir, canlarından belə keçərlər.

Başqa bir yol sizə və Heydər Əliyev Fonduna ünvanlanan şikayət məktublarıdır. Nədənsə sizin poçtunuzda ancaq tərif məktublarıdır. Siz heç poçtunuzda bir şikayət məktubuyla qarşılaşdınızmı? Sizin poçtunuza göndərilən məktublara baxanda adam heç bir problem olmadığını düşünür. İşi-gücü sizin daxili və xarici siyasətinizi izləmək olan, “Valday” məktubları yazan adamların nə problemi olar ki?! Problemli adamın daxili və xarici siyasətmi, “Valday”mı, Qoşulmama Hərəkatının Sammitimi yadına düşər. Yadına düşürsə, deməli, sizin dediyiniz hesabatlarda yazılanların hamısı doğrudur, bəlkə, biz daha yuxarı mövqedəyik, sadəcə gözü götürməyənlər, erməni dəyirmanına su daşıyanlar yenə öz işini görüb...

Göstəriş verin, gələn şikayət məktubları birbaşa sizə, ya da özünüz kimi inandığınız bir adama verilsin, o da həmin məktubları oxuyub (başqasının məktubunu oxumaq ədəbsizlik olsa belə) sizə həqiqətləri çatdırsın. İmkan olsa, həmin şikayət məktublarının saytınıza yerləşdirilməsinə də göstəriş verin.

Problemlər özü ayağıyla yanınıza gəlirsə(həm də pulsuz), bu qədər xərc çəkib onu rayonlarda axtarmağa gərək yoxdur. Rayonlara səfərlərə çəkilən xərci də problemlərin həllinə sərf etmək daha düzgün yol olar. Həm xalqımızın problemləri həllini tapar, həm də reytinq cədvəllərində, hesabatlarda adımız daha yuxarı yerlərdə olar.

P.S. XXI əsrin 20-ci ili ərəfəsində Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi özü böyük uğurdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wcscxb

Ən çox baxılan