Əksər problem ingilis dilində olduğu kimi, policy və politics sözlərinin keyfiyyət fərqinin dilimizə tərcümə edilə bilməməsindədir. Siyasətdən uzaq durmaq seçimdir ancaq policy –
Siyasətdən
uzaq durmaq biveclikdir. Müəyyən mənada bu fərqin bilərəkdən və ya bilməyərəkdən cızılmaması policy-maker-texnokratların tənqidini və sadə vətəndaşların effektiv idarəçilik tələblərini “zərərsizləşdirir”. Digər ciddi problem isə klişelərdə ilişib qalmaqdır. Daha dərin məsələ isə “sözəbaxan” uşaq tərbiyə etməyimizdədir.
Sıx meşədə, gün düşməyən ləkədə cır qalmış əxlaqın siyasi durumu isə zabitəli siyasətçilərin səhnəyə atılmasına imkan vermir. Atılanda isə İlqar Məmmədovun timsalında dəmir barmaqlıqlara yem olur.
Mənim tənqidim siyasi (politics) deyil, siyasi (policy) qəbildəndir. Sosial münasibətlərə və iqtisadi hadisələrə çökmüş ümidsizlikdəndir. Primitivlikdir. Primitiv qrupların analizinə keçmədən öncə…
İdarəçilik modelləri üzrə mütəxəssis Paul Romer öz
“Charter Cities”
ideyasında çox maraqlı nəticəyə gəlir. Romer zəif idarəçiliyi olan ölkələrin Yer Planetinin gecə xəritəsində necə qaranlığa qərq olduğunu göstərir. Romer-in bu müqayisəsindən sonra mən də Azərbaycanın gecə xəritəsinə nəzər saldım. Yalnız Abşeron yarımdası bərq vurur, digər ərazilər isə zülmət qaranlıq içərisində. Əslində bu seyr heç bir əlavə biliyə sahib olmadan iqtisadiyyatın necə əlil olduğunu müşahidə etməyə imkan verir. 4G, LTE, CDMA texnologiyalarının olduğu, Tibetdən Tanzaniyaya zəng edə bildiyimiz dövrdə, Kvant mexanikasının inkişaf etdiyi zəmanədə doğru-dürüst işıq, su və qaz təchizatı ilə təmin olunmamaq bəd idarəçiliyin, işləməyən qanunların və korrupsiyanın göstəricisidir.
Primitiv qruplar
Primit qruplar ciddi və çətin yaradıcılıq ilə məşğul olmurlar, mürəkkəb məhsul istehsal etmirlər. Bu tipli qruplar qeyri-məhdud resurs şəraitində hasil edə, məhsulu bölüşdürə və istehlak edə bilərlər. Bu qruplarda əməkdaşlıq səviyyəsi olduqca aşağıdır, hərdən baş tutan əməkdaşlıqlar isə yalnız mexaniki xarakter daşıyır (əks halda əməkdaşlıq cəmiyyətdə ən üstün keyfiyyət hesab edilərdi). Nəticə qrupun üzvlərinin əməşdaşlıq və qarşılıqlı yardımlaşmasından asılı deyil. Fərdin şəxsi xüsusiyyətlərinin ümumi-ictimai nəticəyə heç bir təsiri olmayan mühitdə differensasiya yalnız fərdin ümumi nəticədən özünə nə qədər mənimsəməsi (oxu. yiyələnməsi) ilə müəyyən edilir. Daha çox mənimsəmək, ierarxiya pilləkənində daha üstün mövqe deməkdir. Primitiv qrupun üzvləri istisnasız olaraq ierarxiyadakı mövqeyinə və bu mövqeyi müəyyən edən, geniş mənada sahib olduqları gücə görə fərqlənirlər. Güc isə özünü əldə edilmiş nəticənin bölüşdürülməsi haqqına sahiblikdə ehtiva edir. Gücün ikinci təzahürü isə bölüşdürənin hər kəsdən çox özünə götürməsidir.
Sosioloqlar primitiv qrupları araşdırmaq üçün əsasən meymunlara-qamadril qruplarına appelyasiya edirlər. Qamadril sürülərinin “iqtisadiyyatı” yüz faizlik bölüşdürmə mexanizmidir: sürünün önündə alfa başçı və bir neçə alfanın “yaxın dairəsi” betalar durur. Hasilat başçıya təhvil verilir, başçı öz növbəsində hasilatı bölüşdürür. Erkək qamadrillər zənanlardan üstdə dayanır. İerarxiya protokolunun üçüncü pilləsində qamma erkəklər və sonda isə heç bir hüququ olmayan, unudulmuş deltalar durur. Gücün demonstrasiyası şəxsi imkanlar ilə bitmir, başçının ətrafında hər zaman çox sayda cangüdənlər olur. Primitiv qamadril iqtisadiyyatı Azərbaycan tipli inkişafda olan ölkələrə “zona” təsərrüfatı formasında tərcümə edilir.
Zona iqtisadiyyatında, elitanın ideologiyası Elin qəbulu ilə baş turur. El xalq və millət anlayışlarından keyfiyyət baxımından aşağıdır və El fiziki məkanı ilə hasarlanmış, minimum koordinasiyaya sahib
(mexaniki rituallar: toy, yas mərasimləri istisna)
fərdlərin yığımıdır. El heç zaman ədalətsiz məhsul bölgüsünü reallaşdıran elitanın iradəsinə qarşı çıxmır. Əksinə, El konformist passivliyi ilə elitanın mənimsəmə aktını qəbul edir. “Zona” ideologiyasının əxlaq qaydaları bir neçə başlıca əsaslara malikdir. Birincisi, ierarxiyanın daxili rabitəsini müəyyən edən qaydaların sarsılmazlığıdır. İerarxiya ilə Elin münasibətlərini isə qaydalar yox, başçının stabil gücü müəyyən edir. Stabillik ierarxiyanın davamlı mənimsəmə və bölüşdürmə fazalarının təkrarlanmasıdır. Ikinci, ierarxiya nümayəndələri “mənimlə necə davranıblarsa, mən də elə davranıram” əxlaqına sahibdir. Üçüncü kanon isə “heç kimə etibar etmə, sual vermə” formulasıdır. Bu formula ilə Elita Elin nümayəndələrini mümkün toplaşma və maraq qruplarını yaratma təşəbbüsündən çəkindirir. Dördüncü isə sosial liftin olmadığı zəmində, yuxarı pilləkənə qalxmağın yeganə yolu digərlərini dartıb aşağı salmaqdır.
Bəzi alimlər etibar və əməkdaşlıq keyfiyyətlərini təkamül prosesi kimi qiymətləndirir. Siyasi elmlər professoru John Roemer (Yale University) isə əməkdaşlığı ən optimal davranış kimi xarakterizə edir. Daren Acemoglu və James Robinson isə xalqların süqutunun bir səbəbini qarşılıqlı etibar mühitinin olmamasında görür. Primitiv qrup təfəkkürlü ierarxiya xətti isə istənilən yardımlaşma, paylaşma və təşəbbüs qruplarını öz siyasi irsinin davamlılığına təhlükə olaraq qiymətləndirir. Çünki bütün təşəbbüs yuxardan gəlməlidir, bütün səbəblər başçının hünərindən qaynaqlanmalıdır. Bütün nəticələr (hətta uğursuzluqlar) yalnız müsbət üslubda şərh edilməlidir.
“Zona”nın mistik gücü isə onun nümayəndələrinə əbədi görsənməsidir. Yalnız bir neçə il “Zona”da yaşamaq kifayyət edir ki, mütləq konformizmi əxz edib sistemin əbədiliyinə və omniprezentliyinə inanasız.
“Zona” öz daxildə olan bütün rəqibləri
(hətta sayları minimum olsa da)
məhv edir, çünki instiktiv olaraq anlayır ki, bütöv bir meşə sərçənin dimdiyində gətirdiyi toxumdan yaranıb. Ona görə də leqəsini
(legacy)
qorumaq üçün həm sərçəni, həm də toxumu məhv etmək lazımdır.
PS. Primitiv qanunlar essesi Andrey Movchanin “Идеология зоны” oçerkindən qaynaqlanıb.
QEYD: Müəllif məqalə üçün müəyyən edilmiş qonorarın
SOS Uşaq Kəndləri Fondu
na yönləndirilməsini xahiş edib.
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.