Namizədlər: İlham Əliyev, Fazil Mustafa, Zahid Oruc, Elşad Musayev, Razi Nurullayev, Fuad Əliyev və Qüdrət Həsənquliyev
Yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Komissiya 7 fevral növbədənkənar Prezident seçkilərində Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin namizədliklərinin qeydə alınması haqda qərar qəbul edib.
Məlumatı MSK-ın mətbuat xidməti yayıb.
Bildirilib ki, seçki prosesinin namizədliklərin qeydə alınması mərhələsi başa çatıb.
Bununla da seçki prosesinin birinci (imzatoplama və qeydiyyat) mərhələsi yekunlaşıb.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.