Hər namizəd 8 dəqiqə 57 saniyə çıxış edəcək
7 fevral növbədənkənar Prezident seçkisində namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.
Bununla bağlı yanvarın 15-də Mərkəzi Seçki Komissiyası ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.
Namizədlər üçün saat 21:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq.
Həmçinin namizədlər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri İctimai Radionun efirində çıxış edəcək.
İctimai Radioda da debatlar saat 21:00-da başlayacaq.
Hər bir namizədə 8 dəq 57 saniyə vaxt veriləcək.
Bildirilir ki, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.
Bugündən təşviqat kampaniyası başlanır.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.