”Prezidentin təklifinin sadə vətəndaşlara az dəxli var”

Ödənilməyən sosial sığorta borcları silinə bilər

Source:


Ödənilməyən sosial sığorta borcları silinə bilər

Məcburi dövlət sosial sığorta sahəsində ödənilməyən borcların və sanksiyaların silinəcəyi bildirilir. Prezident İlham Əliyev Milli Məclisə (MM) bununla bağlı təklif göndərib.

Söhbət “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsindən gedir.

Layihədə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranan, bu ilin aprelin 1-nə qədər ödənilməmiş borclarının və 2015-ci ilə qədər qoyulan maliyyə sanksiyalarının silinməsi nəzərdə tutulur.

Parlament bəyənərsə, qanun bu il aprelin 1-dən qüvvəyə minəcək.

Sənədə görə, 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi silinəcək.

2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə, ödənilməmiş 70 faizi bağışlanacaq.

Aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilərsə, yerdə qalan hissə ilə də bağlı hər hansı iddia olmayacaq.

364 mln. manatdan çox borc var

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl

törədir

:

“2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onların məbləği 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur”.

İdris İsayev

Nazir müavini vurğulayıb ki, bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir:

“Borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək”.



Əhalinin bundan qazancı çox olacaqmı?

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, prezidentin bu təklifinin sadə insanlara çox az dəxli var:

Qubad İbadoğlu

“Təklifin olsa-olsa yalnız fərdi sahibkarlara aidyyatı ola bilər. Sıravi vətəndaşa dəxli yoxdur”.

Borcların böyük qismi özəl sektorda formalaşıb

İqtisadçı Natiq Cəfərli isə deyir ki, borcların yığılması 2006-cı ildən başlanıb. O zaman məcburi sosial sığorta sisteminə keçdik. Bundan sonra özəl şirkətlərin, hüquqi və fiziki şəxslərdən borclarının yığılması prosesi başladı:

“Bu gün 365 milyona yaxın sosial sığorta borcu yığılıb. Bunun 82 milyonu borc faizlərindən hesablanan peniyalardır. Borclar əsasən kommersiya qurumlarında yığılıb. Düzdür, bəzi dövlət şirkətlərində də problemlər var, ancaq büdcədən maliyyələşən əksər qurumlarda bu problemlər yoxdur. Çünki həmin qurumların əksəriyyəti sosial sığortanı əmək haqqlarından çıxırdı. Odur ki, borc yığılmır. Əslində borcların böyük qismi özəl sektorda formalaşıb. Fiziki və hüquqi şəxslərin borclarıdır”.

Azərbaycanda güzəştlərin hamısı pis ödəyicilərə edilir

Natiq Cəfərli deyir ki, borcların ödənilməsi gecikdirilib. Elə əsas borc da bu hissədə formalaşıb:

“Məktəblərdə, xəstəxanalarda borcun yaranması mümkün deyil. Onlar büdcədən maaş alırlar və həmin vəsait onların maaşından avtomatik tutulur. “Azərsu”, “Azərenerji” və s. kimi dövlət şirkətlərində isə həm vergi, həm sosial müdafiə, həm də kommunal borcları həmişə olub. Bu yanaşmanın ən pis cəhəti nədir? Azərbaycanda bu sahədə çox pis praktika var. Kommunal, vergi və sığorta xərclərini gecikdirənlərə həmişə güzəşt olunur. Ancaq vaxtlı-vaxtında ödənişləri edənlərə heç bir güzəşt edilmir. Sanki dövlət bu addımı ilə ödənişlərin gecikdirilməsini, verilməməsini təşviq etmiş olur. Bununla paralel qanun layihəsinə bir maddə də əlavə edilməlidir. Bugünədək ödənişləri vaxtlı-vaxtında həyata keçirmiş hüquqi, fiziki şəxslərə, dövlət və özəl şirkətlərə müəyyən güzəştlər edilməlidir. Onlara üstünlük qazandırılmalıdır. Ancaq Azərbaycanda güzəştlərin hamısı pis ödəyicilərə edilir. Bu da yaxşı president deyil. Pis örnəkdir”.

O pullar hüquqi və fiziki şəxslərin adına olan borclardır

İqtisadçı Nemət Əliyev isə deyir ki, yığılan o borclar fiziki və hüquqi şəxslərin adında olan borclarıdır. Çünki işləyən işçilər (vətəndaşlar) əmək haqqı alarkən Dövlət Sosial Müdafiə Fonduna ödəmələri dərhal həyata keçirirlər:

Nemət Əliyev
Nemət Əliyev

“Belə baxanda onların Dövlət Sosial Müdafiə Fonduna borcu yarana bilməz. Əmək haqqları geçikdirilən işçilərin borcu ola bilər ki, o borc da əmək haqqı ödənişləri həyata keçirilərkən dərhal tutulur. Fiziki və hüquqi şəxslər isə ümumi əmək haqqı fondunun 22 faizi həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş etməlidirlər. Bax, bu 22 faizlər yığılıb qalıb, ödənişlər həyata keçirilməyib. İndi də o vəsaitlərin silinməsindən söhbət gedir”.



Borcun əksəriyyəti dövlət şirkətlərinə aiddir?

2018-ci il yanvarın 1-nə olan məlumata görə, əhalinin məcburi dövlət sosial sığorta sahəsində 365 milyon manata yaxın borcu yığılıb. Bunun 82 milyon manata yaxını borclara hesablanan peniyalardır.

“2017-ci ilin 1 iyulunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 30,53, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin 9,29, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 6,08 milyon manat borcu olub.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində belə

deyilir

.

Hesablama Palatası

Bildirilir ki, Azərbaycan Dövlət Neft Şirkətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də Fonda borcları artıb:

“Borc artımı Azərbaycan Dövlət Neft Şirkəti üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, “Azərbaycan Dəmir Yolları” üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 mln. manat və ya 13,9%), “Azərbaycan Hava Yolları” üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) olub”.

Məlumata görə, 2017-ci ilin əvvəlinə “Azərkimya” İstehsalat Birliyi və “Azəriqaz” İstehsalat Birliyinin Fonda borcu olmasa da, 01.07.2017-ci il tarixə borcun əsas məbləği olmaqla “Azərkimya” İstehsalat Birliyinin Fonda 0,01 mln. manat, “Azəriqaz” İstehsalat Birliyinin isə 1,45 mln. manat (Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,5%-i qədər) borcu yaranıb.

12 ildə ödənilməmiş borcun məbləği 100,2 milyon manatdır

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyir ki, yeni qanun layihəsində son 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam silinməsi nəzərdə tutulur.

“Dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi, hazırlanan yeni “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir”.

Şöbə müdiri vurğulayıb ki, hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir.

Elman Babayev

Qanunun layihəsinin digər müddəası sığortaedənlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə sığortaedənlərin 01.01.2018-ci il tarixə 81,8 milyon manat ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları mövcuddur ki, bunun da 67,4 faizi və ya 55,1 milyon manat 01.01.2015-ci il tarixə yaranıb:

“Qanun layihəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların da tənzimlənməsi əksini tapır. Hesabat məlumatlarına görə sığortaedənlərin 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir”.

E.Babayev vurğulayıb ki, ümumilikdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur:

“Onu da qeyd edək ki, pensiya təminatında sığortaolunanlara fərdi hesabların 01.01.2006-cı il tarixdən açıldığını, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya hüquqlarına mənfi təsir etməyəcək. Nəticə etibarilə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcək. Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq”.



Xatırlatma:

2016-cı ilin sonunda Azərbaycan parlamenti “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun qəbul etmişdi. Həmin qanun daha çox “vergi amnistiyası” kimi dəyərləndirilirdi.

Həmin qanuna görə, amnistiya 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunmuşdu.

Qanunun icrası ilə bağlı Vergilər Nazirliyinin açıqladığı bilgilərdən aydın olurdu ki, ondan daha çox elə dövlət qurumları yararlanıblar.

Həmin vaxt vergi borcu silinənlər arasında Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (22 milyon 676 min 116 manat), Gənclər və İdman Nazirliyi (4 milyon 175 min 386 manat), Nəqliyyat Nazirliyi (1 milyon 998 min 41 manat), Əmlak Məsələləri Dövlət Komitəsi (14 milyon 145 min 400 manat) də vardı.

Ana səhifəXəbərlər”Prezidentin təklifinin sadə vətəndaşlara az dəxli var”