Dövlət müstəqiliyinin bərpası Azərbaycanda pambıq zülmünü də aradan qaldırdı. Daha hektarları ölçüb kənd adamlarının “belinə yükləmədilər”, şagirdindən, tələbəsindən tutmuş həkiminə, mühəndisinə, müəlliminədək hər kəsi zorla pambıq yığımına aparmadılar. Hamilə qadınlar tarlada uşaq dünyaya gətirmədi. Məntəqə radioları susdu, yol kənarlarından “qırmızı stollar” yığışdırıldı. Vaxtilə pambıq tarlası olan yerlərdə yeni məhəllələr, yaşayış massivləri yarandı.
Bundan sonra da ölkədə pambıq əkildi. Amma bu sahədə qabaqcıl təsərrüfat adamları qaldı. Onlar da bir-bir çəkilib gedirdi. Çünki nə fərli texnika qalmışdı, nə də məhsula dəyər verilirdi.
On illərlə qurulan nəhəng zavodlar çökdü, qəbul məntəqələrini kol-kos basdı, yardımçı təsərrüfatlar başqa məqsədlərlə istifadə edildi. Minlərlə özəlləşmə çeki bu sahədə “yandı”. Sonra bütün müəssisələr ya zor, ya da xoşluqla bir əldə cəmləndi.
Ölkəyə neft milyardlarının tranşı başlananda regionların, qeyri-neft sektorunun inkişafından, yoxsulluğun, işsizliyin azaldılmasından danışıldı. Amma pambıq yada düşmədi.
Zatən azərbaycanlılarda pambığa nifrət vardı. Aşkarlıq və demokratiya ilk olaraq pambığı “vurmuşdu”. Sadə insanı onu “qul əməyi” hesab edir, həkimi “qadını qadınlıqdan çıxarır”, alimi “pambıqçılıqda istifadə edilən kimyəvi pereparatlar genofondumuzu məhv edir” deyirdi. Korrupsiya və saxta statistika barədə danışılanda, orta və yaşlı nəslin yadına ötən əsrin 70-80-ci illərinin pambıq “pripiska”sı düşür.
Ata Əliyev hakimiyyətə növbəti dəfə qayıdanda yenidən pambığa girişmədi. Heç tarla xatirələrini də bölüşməyə həvəsli olmadı. Kolxozları ləğv etdi, torpaqları kənd adamları arasında bölüşdürdü. Kimsəyə demədi pambıq ək, ya əkmə. Dövlət Statistika Komitəsinin məlumatından da görünür ki, pambıqçılıq üzrə ən aşağı məhsuldarlıq məhz bu dövrdə- 1993-2003-cü illərdə olub. 1997-ci ildə ölkədə 126,4 min ton pambıq tədarük edilib və hər hektardan orta hesabla 6,1 sentner məhsul götürülüb. Belə pis göstərici sonuncu dəfə 1945-ci ildə qeydə alınmışdı.
Çox sonradan- 2010-cu ildə “Pambıqçılıq haqqında qanun”un qəbulu da vəziyyəti dəyişmədi. Halbuki həmin qanunda pambıq və pambıq məhsulları istehsalı üçün dövlət dəstəyi, o cümlədən bu sahəyə investisiyalar qoyulması, texnika alınıb istehsalçılara lizinq yolu ilə güzəştli şərtlərlə verilməsi, pambıq sahələrinin sığortalanmasının təşkili nəzərdə tutulmuşdu. O da qeyd olunmuşdu ki, “pambıq və pambıq məhsulları istehsalçılarına dövlət tərəfindən müvafiq güzəştlər müəyyən edilə bilər”.
Neftin ucuzlaşması paxırları açdı?
Hökumət bilirdi ki, kənd yerində yaşayanlar yoxsulluq və səfalət içindədir. Bilirdi ki, kəndli torpaqdan qazanc götürə bilmir. Onların əlini çörəyə çatdırmaq əvəzinə ot əkənə subsidiya, aztəminatlı ailələrə ünvanlı yardım verirdi. Deyəsən məmur-oliqarxlara kənd təsərrüfatındakı bu ölgünlük sərfəli idi- xaricdən gətirdikləri meyvə-tərəvəzi daxili bazarda rahatca satırdılar. Hətta yumurta, kartof, sarımsağa olan tələbatın əsas hissəsi idxal hesabına ödənilirdi. Kiçik əyalət şəhərlərində qırlanan yollar, olimpiya kompleksləri, park, muzey və heykəllərlə regionların inkişafı görüntüsü yaradılırdı.
Dünya bazarında neftin qiyməti üzüaşağı gedəndə, hökumət ayıldı ki, başqa məhsulların da ixracı lazımdır. Amma ölkənin, neftdən itirdiklərinin yerini doldura biləcək nəyi vardı ki? Bu sualın cavabını Azərbaycan prezidentinin çıxışlarının birində tapa
bilərik
:
“İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir. Biz ixrac edə bilərikmi? Əgər açıq danışsaq, əlbəttə ki, yox. Ona görə, bizim kimi gənc müstəqil dövlət, – hansı ki, böyük problemlərlə üzləşmişdir, – əvvəlcə təbii imkanlarının hesabına yaşamalıdır, ilk addım kimi”.
Azərbaycan prezidenti bu etirafında səmimidir. Amma o, itirilmiş zaman, səmərəsiz istifadə edilmiş milyardlar haqqında danışmayıb. Heç nə yox, “Evrovision”, “Formula-1” və 1-ci Avropa Oyunlarına xərclənən pulların cüzi bir hissəsi ilə ölkədə kənd təsərrüfatını çoxdan ayağa qaldırmaq, ixracyönümlü məhsulların istehsalına nail olmaq olardı. Adama deyərlər: bəs bu illərdə nə etmisən? Ortada heç nə olmayıbsa, xalqı aldadıb illərlə uğurlu iqtisadi siyasətdən, islahatlardan, inkişafdan niyə danışırdın?
O zaman çaşqınlıq içində olan İlham Əliyevə müstəqil iqtisadçılar təklif edirdilər ki, təcili və həqiqi islahatlara başlasın, inhisarçılığı aradan qaldırsın, gömrükdə təmizlik yaratsın. Amma Azərbaycan lideri ölkəni köhnə qaydalar və köhnə qvardiya ilə idarə etməkdə israrlı idi.
Niyə məhz pambıq?
Hökumət ixracyönümlü, ölkəyə valyuta gətirəcək məhsulların istehsalı barədə düşünərək, onlardan ən yaxşısı olaraq pambığı seçdi. Niyə məhz pambığı? Bu sualın cavabını İlham Əliyevin elə öz dilindən eşidək:
1) “Bu, ölkəmizə valyuta gətirir”.
2) “Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır”.
3) “Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hesablamalar aparılıb ki, hər hektarda orta hesabla iki nəfər işləyə bilər. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək”.
4) “Pambıqçılığın Azərbaycanda qədim ənənələri var”.
Dövlət başçısı həmçinin bunu da xüsusi vurğulayıb: “…pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”. Fikir verdinizsə, əhalinin məşğulluğu ön plana keçdi. Bu, özlüyündə milyondan çox yeni iş yerinin yaradılması, işsizliyin və yoxsulluğun 5 faiz həddinədək endirilməsi, bütün sosial problemlərin həlli barədə indiyədək deyilənlərlə ziddiyyət təşkil edir. 2016-cı ildə və sonrakı çıxışlardan da hiss olunur ki, İlham Əliyev pambıqçılığa əhalinin məşğulluğunun təmin olunması vasitəsi kimi yanaşır:
“Mən hesab edirəm ki, ilk növbədə, burada sosial məsələ ön planda olmalıdır. Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz əkin sahələrini genişləndirdikcə, bu rəqəm daha da artacaq. Əgər biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir”.
5 manatlıq iş yeri
Pambıqçılıq hansı əmək fəaliyyətləri, iş yerləri yarada bilər ki? Torpaq mülkiyətçisini götürsək, o, artıq hökumətin statistikasında daimi işlə təmin edilmiş, yəni fermer hesab olunur. Bu adam taxıl və ya yem bitkisi əksə, onun əlavə işçiyə ehtiyacı olmaz. Amma pambıq hesabına yaranan “iş yeri”ndə görülməli iş də çox deyil. Becərmə dövründə iki dəfə sahəni alaq otlarından təmizləmək lazımdır ki, bu iş bir neçə gün ərzində görülür. Bir də məhsulun əllə yığımına işçi tələb olunur. Yığımın əsas hissəsi texnika ilə görülür. Əllə yığım üçün təklif edilən yerlərdə məhsulu toplamağın çətinlikləri var. Fermerlər bildirir ki, hazırkı dövrdə istifadə edilən toxuma görə xam pambığın çəkisi olduqca yüngüldür. Buna görə bir adam əllə gün ərzində 50 kiloqramdan çox pambıq toplaya bilmir. Günəmuzdçuya yığdığı hər kiloqram pambığa görə 10 qəpik təklif olunur ki, bununla da birgünlük qazanc ən çoxu 5 manat ola bilər. Yığım dövrü isə ən çoxu 2 ay davam edir. Sonra, necə deyərlər, iş bağlanır…
Prezident Adminstrasiyası fermerə necə pambıq əkdirə bilər?
Azərbaycan prezidenti pambıqçılığı öldürən səbəbləri görməzdən gəlirdi. Birinci özəlləşdirmə proqramından sonra ölkədə pambıq tədarükü və satışı inhisara keçmişdi. İndiyədək kənar şəxslərin bu sahəyə girməsinə, əhalidən xam pambığı bircə qəpik də olsun baha qiymətə alınmasına imkan verilməyib. İllərlə qiymətin ucuz olması səbəbindən bu sahə Azərbaycan fermeri üçün cəlbedici olmayıb.
İkincisi, pambıq böyük xərc hesabına yetişdirilir, becərmə və yığım üçün texnika lazımdır. Yoxsul Azərbaycan kəndlisini inhisarçı şirkətdən asılı salan da xərclərin və texnikanın tədarükçünün hesabına qarşılanması idi.
Ekspertlər hesab edir ki, pambıqçılıqla məşğul olan sahibkarlara güzəştli şərtlərlə kredit ayırmaq, əkinlərin sığortalanmasını təşkil etmək, bu sahəyə digər tədarükçülərin daxil olmasına şərait yaratmaq bəs edərdi ki, inisarçılıq aradan qalxsın. Qalan hər şeyi bazar özü nizama salacaqdı. Amma İlham Əliyev tamam fərqli bir üsul seçdi.
“Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik… Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir”.
Sabirabadda keçirilən 1-ci pambıq müşavirəsində bu sözlər deyilərkən sadə insanından tutmuş iqtisadçısınadək heç kəsə aydın deyildi ki, dövlət müdaxiləsi ilə pambıq istehsalını necə artırmaq olar. Alış qiymətinin kəskin artmadığı, stimullaşdırıcı tədbirlər görülmədiyi halda, elə müşavirə keçirmək, çağırış etməklə pambıqçılıq inkişaf edərmi? Fermeri, ya hansısa sahibkarı bu işə necə məcbur etmək olar? Həmin müşavirədə rayonlar üzrə proqnozlar, hətta növbəti il əkin həcminin üç dəfə artırılacağına dair hədəf açıqlanması da beləcə təəccüb və heyrətlə qarşılanmışdı.
Kollektiv təsərrüfatların, planlı iqtisadiyyatın mövcud olmadığı, kənd təsərrüfatı torpaqlarının əsas hissəsinin xüsusi mülkiyyətə keçdiyi, hər şeyi bazarın tənzimlədiyi bir vaxtda da dövlət başçısına elə gəlirdi ki, inzibati rıçaqlarla əhaliyə pambıq əkdirmək olar. O, çəkinmədən
bildirdi
ki, pambıqla bağlı bütün işlər Prezident Adminstasiyasından idarə edilir:
“Zeynal Nağdəliyev bu işlərlə şəxsən məşğuldur. Bütün dövlət qurumları – Kənd Təsərrüfatı, İqtisadiyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, yerli icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərişıq”, “Azəravtoyol” şirkətləri arasında çox ciddi koordinasiya işləri aparılmalıdır. Bir daha demək istəyirəm, əvvəlki illərin təcrübəsi onu göstərir ki, əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, pambıqçılığı itirərik, necə ki, itiririk. Ona görə də koordinasiya mütləq olmalıdır və bütün işlər vahid mərkəzdən idarə edilməlidir”.
Bu, yeni formada yaradılan koxoza bənzədi. Bütün digər dövlət orqanlarını bir kənara qoyaq, Daxili İşlər Nazirliyinin pambıq istehsalında rolu nədən ibarətdir- prezidentin tapşırığını kim yerinə yetirmirsə, tutub damlamalıdır, yoxsa nə?
Pambığı kim əkir?
İlham Əliyev lap sovetlər dövründə olduğu kimi çağırış edirdi: “Bir qarış torpaq boş qalmamalıdır”.
Pambıq əkini üçün dövriyyəyə daha çox torpaq cəlb etmək üçün təklif edirdi ki, örüş sahələrindən mal-qaralar çıxarılsın, onları qapalı yerdə də saxlamaq olar. Pambıq deyəsən onun bəsirət gözlərini açmışdı:
“Mən Salyandan Bakıya qayıdarkən fikir verdim ki, Qaradağ rayonuna qədər yolboyu sağ, sol, hər tərəf boş torpaqlardır. Orada heç nə əkilmir, heç nə bitmir…”
Son 3 ilin statistik göstəricilərinə diqqət yetirək: ölkə üzrə 2015-ci ildə 17 min hektardan 50 min ton, 2016-cı ildə 52 min hektardan 89 min ton, 2017-ci ildə 136 min hektardan 207 min ton məhsul istehsal edilib. Prezidentin hədəfi 2020-ci ildə əkin sahəsinin həcmini 200 min hektara, məhsulu isə 700 min tona çatdırmaqdır.
Maraqlıdır, bu artıma necə nail olundu? Doğrudanmı fermerlər prezidentin çağırışına qoşularaq, ona xatir pambıq əkməyə başlayıblar?
Yerli mənbədən əldə etdiyimiz məlumata görə 10 min hektar sahədə pambıq yetişdirildiyi iddia olunan bir rayonda əkinin 80 faizini aşağıdakı vəzifəli şəxslər aparıb:
İcra başçısının müavini- 50 ha
İcra aparatının şöbə müdirləri- 20-30 ha
İcra başçısının şəhər üzrə nümayəndəsi- 1000 ha
İcra başçısının kəndlər üzrə nümayəndələri- 50-100 ha
Bələdiyyə sədrləri- 25-50 ha
Polis Şöbəsinin rəisi- 100 ha
Kənd Təsərrüfatı İdarəsinin müdiri- 50 ha
Mədəniyyət və Turizm İdarəsinin müdiri- 300 ha
Mərkəzi Xəstəxanasının baş həkimi- 200 ha
Təhsil Şöbəsinin müdiri- 200 ha
Maliyyə İdarəsinin rəisi- 200 ha
Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri- 50 ha
DSMF-nin rayon şöbəsinin müdiri- 100 ha
Digər idarə, müəssisə və təşkilat rəhbərləri- 10-50 ha
Bundan başqa, dövlət fondunda olan torpaqları heyvandarlıq məqsədilə icarəyə götürənlər, habelə böyük dövriyyəyə malik sahibkarlar da pambıq əkməyə məcbur edilir. Mənbə bildirir ki, bütün vəzifəli şəxslər tabeliyində olan işçilərə prezidentin adından tapşırıq verir:
“Hamı şüurlu surətdə başa düşür ki, pambığın əkilməyini prezident istəyir. İcra başçısı məmurlara prezident adından pambıq planı müəyyən edir. Baş həkim tibb bacılarını, mədəniyyət şöbə müdiri kitabxanaçıları, “komxoz” müdiri süpürgəçləri alaq otlarını təmizləməyə və ya yığıma göndərəndə, bunu öz adlarından tələb etmirlər, deyirlər ki, bu, prezidentin tapşırığıdır”.
Çaşqınlıq icra başçısına əlavə 2 min hektara başa gəlib
Pambıq bitkisinin yetişdirilə biləcəyi rayonlarıla bağlı proqnozların “havadan” götürüldüyü, bu rəqəmlərin arxasında yararlı əkin sahələrinin, suvarma suyu ilə etibarlı təminatın, mütəxəssis yanaşmasının, ən əsası, konkret istehsalçının dayanmadığı əvvəldən hiss olunurdu. Bəzi rayonlardakı əkin və yığımla bağlı məzəli əhvalatlar danışılır.
Adının açıqlanmasını istəməyən Salyan sakini bildirir ki, 2017-ci ilin məhsulu üçün faktiki olaraq 3 min hektaradək sahə əkin üçün hazırlandığı halda, yerli icra hakimiyyətinin başçısı prezidentə bu göstəricinin 7 min hektar olduğunu məruzə edib:
“Sevindik Hətəmov sonradan bir yığıncaqda etiraf edib ki, 5 min deyəcəkmiş, çaşıb dilindən 7 min çıxıb. Elə dilinin bəlasına düşüb. Nə qədər çalışsa da, 3850 hektardan artıq əkin yeri tapa bilməyib. Dirənib MKT-nin Salyan filialı rəhbəri Bahəddin Leysanova ki, əlavə 3200 hektara aid saxta müqavilə sənədləri hazırlasın. Leysanov təcrübəli adamdır, bu işin axırının yaxşı olmayacağını görüb, Salyandan başını götürüb qaçdı”.
İmişlidəki fermerlərin bəziləri məhsuldarlığın aşağı olma səbəbindən əllərində pul qalmayacağını görüb, yığdıqları pambığı qonşu- Saatlı rayonunun tədarük müəssisəsinə satıblar. Bu işin üstü açılanadək rayondan yüz tonlarla məhsul çıxarılıb…
Pambıq zərərçəkənlərindən dəlixanaya düşənlər var
Son iki ildə pambıq əkinində və istehsalında artım olsa da, istehsalçının (sadə kəndli, yaxud məmur olmağından asılı olmayaraq) qazancından söhbət gedə bilməz. Nədən ki, məhsuldarlıq 2016-cı ildə 17, 2017-ci ildə isə 15 sentner olub. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirir ki, 1 hektar sahədə məhsul yetişdirmək fermerə 830 manata başa gəlir. Pambığın alış qiymətinin 50 qəpikdən baha olmadığını nəzərə alsaq, hər hektardan 17 sentner məhsul götürmək yalnız xərcləri çıxara bilər. Belə çıxır ki, son 2 ildə ölkə üzrə pambıqdan heç kəs xeyir götürməyib, əksinə, zərərə düşənlər var. Hacıqabul, Neftçala, İmişli və Ucar rayonlarında məhsuldarlıq 10 sentnerdən də aşağı olub. Yerli mənbələr bildirir ki, bu rayonlarda pambıq bəzi adamları bəlaya salıb:
“Sadə adamlar 3-5 min, məmurlar isə azı 10 min zərər edib. 50 min manat və daha çox zərər edənlərin bəziləri dərin psixoloji sarsıntı keçirib, ruhi-əsəb dispanserinə düşənlər var”.
Təbiət də pambıqdan üz döndərib…
Yeri gəlmişkən, Azərbaycan prezidenti pambıq kampaniyası başladandan bəri sanki təbiət də acığa düşüb: 2016-cı ildə yığım vaxtı 18 dəfə yağıntı olub, Aran bölgəsinə gözlənilməz hadisə baş verib- oktyabr ayında qar yağıb. 2017-ci ilin bütöv yay mövsümündə göydən yerə bir damcı da olsun yağıntı düşməyib. Bu, az imiş kimi, çaylarda suyun səviyyəsi də aşağı olub.
Fermerlər bildirir ki, suvarma suyu ilə bağlı təminatın pis təşkili xeyli miqdarda əkinlərin məhsul vermədən yanmasına səbəb olub. Onlar həmçinin bəzi əkinlərin zərərvericilər tərəfindən məhv edildiyini söyləyir.
Televiziyalar və iqtidaryönümlü qəzetlər yanvarın sonunda da bəzi sahələrdə pambıq yığımının davam etməyi barədə xəbərlər yaymaqda idi. “Bu, “Görüş” filmində özbək pambıqçısı ilə yarışa girən azərbaycanlı gəncin dostlarını başına yığıb gecə pambıq yığması səhnəsini yada salır. Ötən ilin əkinindən bu il məhsul toplanılması heç də uğur deyil. Çünki pambıq vaxtında yetişdirilsəydi, yığım da payızın sonunadək başa çatar, həmin torpaq sahəsində cari ilin məhsulu üçün əkin aparılardı. O, binəva fermer bu gecikən pambığa görə ikiqat ziyana düşmüş olur…
Xərclər milyard manatı keçir
Rəsmi açıqlanan məlumatları uc-uca düzməklə təxmin etmək olar ki, son iki ildə pambıqçılığın inkişafı məqsədilə təqribən 1 milyard manat büdcə vəsaiti xərclənib. 2017-ci ildə Saatlıdakı pambıq müşavirəsində prezident demişdi:
“Keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınmışdır. Bu il 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib”.
Maliyyə naziri son 2 ildə dövriyyəyə əlavə torpaq sahələri cəlb etməyə, meliorativ tədbirlər və suvarma işini yaxşılaşdırılmağa 461 milyon manat xərcləndiyini deyir. Bu dövrdə fermerlərə 30 milyon manat subsidiya verilib. Bundan başqa, yanacaq və gübrələrin dəyərinin bir hissəsi də dövlət büdcə vəsaiti hesabına ödənilir. Pambıqçılıq rayonlarına böyük məbləğdə dövlət investisiyası qoyulub.
Pambıq bizi hara aparır?!
İlham Əliyev deyir ki, “neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq”. O, eyni zamanda, “bu, bizim gözəl tariximizə qayıdışdır”-
deyir
.
Hələ ki, pambıq neft pullarını sovurmaqda, üstəlik camaatı da zərərə salmaqdadır. O ki qaldı “gözəl tariximizə qayıdış” ifadəsinə… ötən əsrin 70-80-ci illəri keçmiş sovetlər birliyində, o cümlədən Azərbaycanda durğunluq, ətalət, şəxsiyyətə pərəstiş dövrü kimi xatırlanır. Doğrudanmı İlham Əliyev azərbaycanlılar üçün məhz belə bir dövrü təzədən yaşatmaq istəyir?..
1. P.S. Rusiyanın “
kommersant.ru
” saytı növbədənkənar seçki ilə bağlı Azərbaycandan olan bir neçə siyasidən münasibət öyrənib. Parlamentinin deputatı, ötən seçkidə prezidentliyə namizəd olmuş Araz Əlizadə payızda keçirilən seçkinin məhsul yığımına mənfi təsirindən danışıb və bu səbəbdən həmin kampaniyanın yaza keçirilməsini ədalətli hesab edib. Kim bilir, bəlkə də bu qərar elə həqiqətən cari ilin pambığının itkisiz toplanılmasına hesablanıb…