Prezidentin mühafizəçisinin adından əfv ərizəsi yazılıb

Asif Lətifovun ailəsi əfvlə bağlı müraciət etmədiklərini deyiblər

Source:


Asif Lətifovun ailəsi əfvlə bağlı müraciət etmədiklərini deyiblər

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) “Betta” dəstəsinin zabiti, hazırda həbsdə olan baş leytenant Asif Lətifovun adından əfv ərizəsi yazılıb. Bu barədə Asif Lətifovun anası Gülnaz Lətifova Meydan TV-yə məlumat verib. Onun sözlərinə görə, aprelin 3-də 9 saylı cəzaçəkmə müəssisəsinin xüsusi şöbəsinin rəisi Asif Lətifovu yanına çağırıb: “Şöbə rəisi Asif Lətifova deyib ki, Ədliyyə Nazirliyindən onun müraciətinə cavab gəlib. Asif nazirliyə hər hansı müraciət etmədiyini bildirib. Amma yenə də maraq üçün nazirlikdən gələn sənədə baxıb. Məlum olub ki, Asifin adından əfv edilməsi üçün ərizə yazılıb. Həmin ərizəni Ədliyyə Nazirliyinin monitorinq qrupu araşdırıb və Asif cəzasının yarısını çəkmədiyinə görə onun əfv edilməsi məqbul sayılmayıb. Biz bilmirik ki, Asif Lətifovun adından kim ərizə yazıb. Asifin özü də bu barədə cəzaçəkmə müəssisəsinin rəisinə fikirlərini çatdırıb. O, sifarişlə həbs olunduğunu, hər hansı cinayət törətmədiyini, özünü cinayətkar saymadığını və buna görə də əfv ərizəsi yazmadığını bildirib”.

Gülnaz Lətifova onu da bildirib ki, artıq Ali Məhkəmə Asif Lətifovun kassasiya şikayətinə baxıb. Məhkəmənin qərarı nəticəsində onun işindən 1 il azaldılıb.

Asif Lətifov 17 il XDMX-nin “Betta” dəstəsində xidmət edib. Baş leytenant olan Asif Lətifov bu müddətdə dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. O, 2011-ci ilin martında Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi ilə işdən çıxarılıb. Asif Lətifov bəyan edib ki, o, XDMX-nin rəhbəri general Vaqif Axundov qanunsuz əməllərinə etiraz etdiyinə görə hədəfə gəlib.

Asif Lətifov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələri ilə təqsirli bilinərək, 5,6 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq Hüquq Araşdırmaları Təşkilatı Asif Lətifovu vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərPrezidentin mühafizəçisinin adından əfv ərizəsi yazılıb