Bina sakinləri: “Binanın sökülməsini qadağan edən məhkəmə qərarı olsa da, yaxın günlərdə onu sökmək istəyirlər”
İcra hakimiyyəti orqanları Prezident İlham Əliyevin hər gün iqamətgahdan Prezident Administrasiyasına gedib-gələrkən hərəkət xəttinin üzərində yerləşən yaşayış binasını sökmək istəsə də, məhkəmə bir müddət əvvəl bunu qadağan edən qərardad çıxarmışdı. Qərardadda yazılıb ki, binanın söküntüsüylə əlaqədar sakinlərlə icra hakimiyyəti arasında məhkəmə çəkişməsi başa çatana, yekun qərar qəbul edilənə qədər həmin binanın hasarını uçurmaq, tikilinin konstruksiyasını sökmək, kommunikasiya xətlərini (qaz, su, elektrik enerjisi) ayırmaq qadağandır.
Sakinlərin Meydan TV-yə verdiyi məlumata görə, Bakı İnzibati Məhkəməsinin çıxardığı bu qərardad qüvvədə olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti yaxın günlərdə binanı sökməyə hazırlaşır. Ötən həftə onlara bu haqda xəbərdarlıq olunub.
“Təxminən bir həftə əvvəl Xətai Rayon İcra Hakimiyyətində bina sakinləri ilə görüş keçirildi. Binada yaşayan mənzil sahiblərindən yalnız iki nəfərlə alqı-satqı müqaviləsi bağlanıb. Qalan mülkiyyətçilər hər kvadrat metr üçün 2200 manat təkliflə razılaşmır. Elə ona görə məhkəməyə müraciət etmişik. Məhkəmə prosesi də hələ davam edir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zülfəli İsmayılov bizə xəbərdarlıq elədi ki, bina istənilən halda söküləcək. Biz onlara da dedik, bu ərazidə, məsələn, “Port Baku”da mənzillərin hər kvadrat metri bizə təklif olunan qiymətdən iki dəfə baha satılır. Niyə biz illərlə yaşadığımız, min bir zəhmətlə aldığımız mənzillərdən çıxmalıyıq? Deyirlər ki, dövlət ehtiyacı üçün sökülməlidir. O halda, bizə uyğun pul versinlər ki, özümüzə indiki yerə uyğun ev tapıb alaq. Niyə şəhərdən kənara köçməliyik? Özlərinə rəva görmədiklərini bizə rəva görürlər”, – sakinlər bildirib.
Mülkiyyətçilər deyir ki, əgər söküntü başlasa, etiraz edəcəklər, əmlaklarını qorumağa çalışacaqlar.
Sözügedən bina Cavanşir körpüsünün yanında – Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində yerləşir. 2021-ci il noyabrın 18-də sakinlərə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədovun imzasıyla bildiriş paylanıb. Orada göstərilib ki, icra başçısı 12 noyabr 2021-ci ildə 373 saylı sərəncam imzalayıb. Həmin sərəncama əsasən, komissiya yaradılıb, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış evləri və qeyri-yaşayış sahələrinin köçürülməsinə başlanıb. Sakinlərin rəyini nəzərə almadan, bildirişdən cəmi beş gün sonra – noyabrın 23-də binanın həyətyanı sahəsi sökülüb.
Mülkiyyət sahiblərinə mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq, hər kvadrat metrə görə 2200 manat, birinci və ikinci mərtəbələrdə yerləşən qeyri-yaşayış obyektlərinin sahiblərinə isə hər kvadrat metr üçün 2500 manat pul ödəniləcəyi bildirilib.
Evlərindən köçmək istəməyən, təklif olunan kompensasiyanın məbləğindən narazı olan sakinlər toplaşaraq, məhkəməyə üz tutublar. Belə olan halda, onlara mesaj göndərilib ki, binanın qazı, suyu, işığı kəsiləcək. Sakinlərin sözlərinə görə, çox keçməyib, kommunal xidmətlərlə bağlı hədələr həyata keçirilib – dekabrın 9-da binaya verilən elektrik enerjisi kəsilib. Sakinlərin etirazlarından sonra bərpa edilib.
Mülkiyyətçilər deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov və digər səlahiyyətlilər onlarla ultimativ dildə danışırlar.
Bu iş Bakı İnzibati Məhkəməsində hakim Miminat Hacıbəyovanın icraatındadır.
Xətai Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli sərəncamında göstərilib ki, ərazidəki söküntü işləri yol qovşağının genişləndirilməsi və abadlaşdırılma işlərinin həyata keçirilməsilə əlaqədardır. Binanın yerində “Zəfər abidəsi”nin ucaldılacağı deyilir.
Sakinlər prezidentə də müraciət edərək, bu işin diqqətdə saxlanmasını xahiş edib. Çünki bu məsələdə prezidentin də adı hallanır. İddia olunur ki, bina dövlət başçısının gündəlik hərəkət xətti üzərində yerləşdiyinə görə sökülür.
Binadakı mənzillərdən biri də Baş nazirin müavini Yaqub Eyyubovundur.