Prezident Söyüdlüdə etirazlara səbəb olmuş şirkətin Ağdərədəki digər kompleksini ziyarət edib

Foto: president.az

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndindəki “Dəmirli” Filiz Emalı Kompleksində olub.

Məlumatı Prezidentin rəsmi saytı yayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited”in prezidenti və baş icraçı direktoru Rza Vəziri prezidentə kompleks barədə məlumat veriblər.

Kompleksə mis flotasiya zavodu, nəm tullantı ambarı, elektrik yarımstansiyası və digər tikililər daxildir.

“Dəmirli” mədənində hasilat, kəşfiyyat və emal işləri “Azərqızıl” Dövlət Şirkətiilə ABŞ-da qeydiyyatdan keçmiş “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış pay bölgüsü sazişi əsasında aparılır. Əməliyyat şirkəti olaraq bu işi həyata keçirən isə “Azerbaijan International Mining Company Limited” şirkətidir.

Şirkətlərin təsisçisi İran əsilli ABŞ vətəndaşı Rza Vəziridir.

“Anglo Asian Mining PLC” şirkəti Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl emalı zavoduna məxsus sianid gölünün ətraf mühitə zərər vurması ilə gündəmə gəlib.

Kənd sakinləri gölün ətraf mühitə və kənd sakinlərinin sağlamlığına ciddi şəkildə mənfi təsir göstərdiyini bildirirdilər. Söyüdlü sakinlərinin buna görə 2023-cü il iyunun 20-də keçirdikləri etiraz aksiyası polis tərəfindən amansızlıqla yatırılmışdı. Hadisə zamanı əsasən qadınlardan ibarət onlarla kənd sakininə zorakılıq tətbiq olunmuşdu.

Bu hadisə ilə əlaqədar Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli 8 il, Söyüdlü sakini Coşqun Mirzəyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Kəndə giriş-çıxış bu gün də polis nəzarəti altındadır. Əraziyə xüsusilə də, jurnalistlərin və fəalların daxil olmasına icazə verilmir.

Ana səhifəSiyasətPrezident Söyüdlüdə etirazlara səbəb olmuş şirkətin Ağdərədəki digər kompleksini ziyarət edib