Layihə Milli Məclisə təqdim olunub
Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə 55 136 429 manat vəsait nəzərdə tutulub.
APA yazır ki, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.
Layihədə bu vəsaitin seçkilərin keçirilməsi üçün nəzərdə tutulduğu qeyd olunub.
Sənəd Milli Məclisə təqdim olunub.
Azərbaycanda sonuncu prezident seçkisi 2013-cü il oktyabrın 9-da keçirilib. 10 namizədin iştirak etdiyi seçimlərdə İlham Əliyev 3-cü dəfə qalib olub.
Prezident İlham Əliyev 2016-cı ildə “Sputnik” agentliyinə müsahibə verib. O, agentliyin 2018-ci ildə keçiriləcək növbəti prezident seçkisində iştirak edib-etməyəcəyi barədə sualını belə cavablandırıb:
“Qərar qəbul etmək üçün kifayət qədər vaxt var. Əhalinin indiki dəstəyini hiss etsəm, bu inamı doğrultmağa çalışacağam”.
2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilib. Referendumun rəsmi nəticələrinə əsasən, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artıb. Bundan başqa, dövlət başçısı növbədənkənar prezident seçkisi elan etmək hüququ alıb.
Növbəti prezident seçkisinin 2018-ci il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulub.