251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova jurnalist Sevinc Vaqifqızını məhkəmə verib. Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.
Bir il öncə prezident seçkiləri zamanı jurnalist Elmira Alandarovanı lentə alıb. Kadrlarda Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür.
“Qadın 3 versiya irəli sürüb. Polisə verdiyi ifadəsində söyləyir ki, guya o məntəqədə olmayıb. Sadəcə məktəbin həyətində direktorun tapşırığı ilə yaşıllığı qorumaq üçün ora təhkim olunub. Halbuki o, direkor müavinidir, bağban deyil. Mən ona yaxınlaşanda da dedi ki, yeməkxanada idim, məntəqədə olmamışam. Halbuki mən göstərirəm ki, o iki məntəqədə olub. Kameranı görəndə də həmişə gizlənib, kənara çəkilib. Eyni zamanda o müəllimlərin yanında olur, deyir, gedəcəklər. Amma mən göstərirəm ki, onlar getmirlər, gözləyirlər ki, növbəti dəfə karuseldə iştirak etsinlər”, – Sevinc Vaqifqızı deyir.
Direktor müavini iddia edir ki, jurnalist onun şərəf və ləyaqətini alçaldıb. Tələb edir ki, həmin süjet Meydan TV və “Azadlıq” qəzetinin səhifələrindən silinsin, üzrxahlıq edilsin və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödənilsin.
Jurnalist Sevinc Vaqifqızı isə söyləyir ki, məntəqədə direktor müavininin karuselə nəzarət etdiyini müşahidə etdiyinə görə, çəkilişinə icazə verməyiblər.
Növbəti məhkəmə prosesi iyunun 10-na təyin olunub.