Ələsgər Məmmədli: “Dəyişiklər qəbul olunarsa, bu, qanunvericilik normalarının düzgün təsbit olunmamasına gətirib çıxaracaq”
Azərbaycanda kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər ediləcək.
Milli Məclisdən “Trend İA”-ə verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən təqdim edilib.
Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.
Media hüquqları eksperti Ələsgər Məmmədli BBC-Azərbaycanca-ya açıqlamasında layihəni “mediaya basqı” kimi qiymətləndirib.
“Faktiki olaraq kütləvi informasiya vasitəsi hər hansı qanunu pozursa və cərimələnirsə, o artıq cəzasını çəkmiş olur. Və hər hansı əlavə suç olmadan yeni cəza çəkmək, əlavə məhkum olmaq ağır prosedurdur”, – deyə cənab Məmmədli bildirib.
Onun sözlərinə görə, yeni dəyişiklər medianın azadlığı və Konstitusiyasının 50-ci maddəsində medianın heç bir halda fəaliyyətinin dayandırılmaması ilə bağlı bəndə ziddir: “Azərbaycan 2001-ci ildə Avropa Şurası qarşısında öhdəlik götürəndə də, qanunda 10 bəndin 9-nu çıxardı ki, bunlar məhdudlaşdırıcı bəndlərdir. Yenidən eyni məzmunlu məhdudlaşdırmanın olması həm Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər, həm də media azadlığına verdiyi dəyərdən geri çəkilmə anlamına gəlir”.
Ələsgər Məmmədlinin fikrincə, dəyişiklər qəbul olunarsa, bu, qanunvericilik normalarının düzgün təsbit olunmamasına gətirib çıxaracaq.
“Çünki bu normalarda fundamental insan hüquq və azadlıqları baxımından media azadlığının da önəmli yeri var və media azadlığının məhdudlaşdırılması çox istisna hallarda İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur”, – ekspert əlavə edib.
Yeni müddəanı media azadlığına “ciddi sanksiya” adlandıran Məmmədlinin sözlərinə görə, bu dəyişiklər kommersiya anlayışına da ziddir.
“Kütləvi informasiya vasitələrinin böyük media quruluşları, holdingləri var və burda yüzlərlə insan işləyir. Birdən birə hansısa iki xırda inzibati pozuntuya görə müəssisəni bağlayıb insanları çölə atmaq olmaz. Bu təklifin müzakirə olunub geri qayıtması lazımdır. Biz qanunlarımıza azadlıqları azaldan deyil, artıran müddəalar gətirməliyik”, – cənab Məmmədli belə deyib.
Bakı Dövlət Univetsitetinin müəllimi və telejurnalist Qulu Məhərrəmli isə yeni dəyişiklikləri “KİV haqqında” demokratik qanunun fəlsəfəsindən uzaqlaşmaq kimi dəyərləndirib.