Prezident İlham Əliyev iqtisadi geriləməni etiraf edir, ümidlər isə yenə başqa təbii resursa bağlanır

Foto: fornStudio\shutterstock

Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi son müşavirədə 2026-cı ildə iqtisadi inkişafda yaranan geriləməni etiraf etməli olub. Sentyabrın 22-də “2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirəni həm də yeni iqtisadi sistemə keçidin ictimaiyyətə təqdimatı kimi də adlandırmaq olar.

Prezident müşavirədə çıxışı zamanı bildirdi ki, ölkə iqtisadiyyatının artım templəri çox da yüksək deyil, neft hasilatı isə azalır:

“Bunun təbii səbəbləri var. İlk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız  olan “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın azalma templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq. Ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur”.

İ.Əliyev eyni zamanda qeyd edib ki, bundan narahat olmaq lazım deyil, qeyri-neft sektoru inkişaf edir:

“Burada da ilin 8 ayında 5,4 faiz artım olub. Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək”.

ÜDM-də qeyri-neft sektoru necə inkişaf edir?

Yeri gəlmişkən, 2026-cı ilin ilk 8 ayını Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər ətalətli dövr hesab etmək olar. Hətta ÜDM-də azalma ilə müşahidə olunan ay da olub. Hökumət ilin sonuna kimi artım tempinin 1,1 faiz civarında olacağını gözləyir. Mart ayında 0,3 faizlik azalmadan sonra hökumət əsas kapitala investisiyaları artıraraq ÜDM-dəki staqnasiyanı müəyyən qədər aradan qaldırmağa və artıma yönəltməyə çalışdı. Həmin dövrdə iqtisadçı Toğrul Vəliyev “Telegram” səhifəsində yazırdı ki, ölkədə rəsmi staqnasiya qeydə alınan kimi Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hərəkətə keçərək iqtisadiyyata pul yatırımlarını artırdı:

“Bir ay ərzində müxtəlif layihələrə 1,4 milyard manat dövlət investisiyası yatırıldı. Müqayisə üçün, may ayında bu göstərici 654 milyon manat idi. Bu, hətta əvvəlki illə müqayisədə 2,2 dəfə çox idi. Nəticədə ÜDM 0,8 faizlik artım göstərdi. İyul ayında bu işi davam etdirdilər və artıq 900 milyon manat yatırılıb. Düzdür, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz az idi, amma hər bir halda ilin əvvəli ilə müqayisədə əhəmiyyətli dərəcədə çox idi. Rəsmi məlumata görə, iyulun sonunda iqtisadiyyatda 1,4 faizlik artım qeydə alınmışdı”.

İqtisadçı əlavə edirdi ki, xarici investisiyalarla müqayisədə dövlət investisiyaları ilə ÜDM arasında korrelyasiya daha yüksəkdir. Yəni iqtisadiyyatda artım və azalmalar birbaşa dövlət investisiyalarından asılıdır. ÜDM-də qeyri-neft sektorundakı artım da, təbii olaraq, qeyri-neft sektorunun inkişafı ilə deyil, bu investisiyaların tikintiyə yönəldilməsi nəticəsində yaranan aktivliklə bağlıdır.

Dağ-mədən resursları nefti əvəz edə bilər, amma…

8 aydır iqtisadiyyatda yaranan durğunluğa baxmayaraq, prezident indiyədək keçirdiyi müşavirələrin heç birində ÜDM-də yaranan staqnasiyanı dilə gətirmirdi. Dünya bazarında neftin qiymətinin kəskin bahalaşması belə neft-qaz sektoru gəlirlərində əhəmiyyətli artım yaratmır.

Lakin İlham Əliyev son müşavirədə iqtisadi geriləməni və neft hasilatının azalmasını etiraf etməklə yanaşı, post-neft dövrünə daha bir təbii resurs  ilə daxil olacağımızı da açıqladı. Müşavirədə məlum oldu ki, ölkənin mövcud olan bütün qiymətli metal yataqlarının hasilatı üçün böyük həcmdə investisiya axtarışına çıxılacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqlamasından aydın olur ki, 5,3 milyard manatlıq investisiyanın 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı isə Neft Fondu və Mərkəzi Bankın vəsaitləri hesabına icra ediləcək. 2 milyard manatlıq özəl investisiya cəlb etmək də planlaşdırılır. Hökumətin açıqlamalarından bəlli olur ki, bu yataqlara qoyulan kapitalın əsas geri dönüşünün 2030-cu ildən etibarən baş verəcəyini hesablayırlar.

Azad İqtisadiyyat Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl Meydan TV-yə açıqlamasında deyir ki, Prezidentin dağ-mədən sənayesinin inkişafı ilə bağlı müşavirə təşkil etməsi ölkədəki iqtisadi tənəzzüllə əlaqədardır:

“Azərbaycan rəhbərliyi yeni resurslar axtarır. Çünki neft hasilatı azalır, qaz hasilatı isə artmır və onlar dağ-mədən sənayesinə prioritet sahə kimi baxmaq istəyirlər. Ancaq Azərbaycanın bu sektorda elə də böyük ehtiyatları yoxdur”.

İqtisadçıya görə, hökumət də bilir ki, neftin yüksək qiymətləri müvəqqətidir. Ona görə də post-neft dövrünə hazırlaşmağa çalışır:

“Ancaq çox təəssüf ki, genişmiqyaslı islahatlar, regionların real inkişafı, iqtisadi əks-mərkəzləşmə və s. bu kimi məsələləri həll etmək əvəzinə resurslar axtarır. Yəni ölkənin gələcəyini yalnız resurslarda görür. Ona görə də bir tərəfdən yaşıl enerji layihələri icra edilir. Bu da kütləvi deyil, yalnız bir neçə böyük layihənin həyata keçirilməsi ilə məhdudlaşır. Digər tərəfdən isə indi dağ-mədən ehtiyatlarına ümid bəsləyirlər. İşğaldan azad olunmuş ərazilərdə müəyyən ehtiyatlar var. Amma təbii ki, bunlar çox böyük resurslar deyil”.

İqtisadçının fikrincə, hələlik dağ-mədən sənayesi müəyyən gəlirlər gətirsə də, neft gəlirlərinin heç 10 faizini belə əvəz edə bilməz:

“Sadəcə olaraq, burada bir məsələ çox önəmlidir. Azərbaycan hökuməti bu sahəyə xarici investisiya cəlb etmək istəyirsə, burada şəffaflıq məsələsi vacibdir. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxıb. Bu Təşəbbüsün üzvü olmadan da bu sektora beynəlxalq kreditlər və digər resurslar, investisiyalar, yəni beynəlxalq maliyyə qurumları səviyyəsində investisiya cəlb etmək imkanları məhduddur”.

Z.İsmayıl vurğulayır ki, bu gün neftin qiymətinin yüksək olması belə iqtisadi artım yaratmır:

“Sadəcə olaraq, gəlirləri artırır. O da artıq hiss olunur. Məsələn, büdcə gəlirləri artıq yerinə yetirilməyə başlayıb və sair – bunlar təmin olunub. Bir çox sahələrdə xərclər kəsilirdi. İndi biz görürük ki, yenə pullar ayrılır. Amma bütün bunlar iqtisadi inkişafa gətirib çıxarmır. İqtisadi artım üçün neft hasilatının özü çox olmalıdır. O da, əksinə, azalır. Hər il təxminən orta hesabla 5 faiz azalma müşahidə edirik”.

Ana səhifə ▸ İqtisadiyyat ▸ Prezident İlham Əliyev iqtisadi geriləməni etiraf edir, ümidlər isə yenə başqa təbii resursa bağlanır