“Prezident həmin gün tapşırıq versəydı, Rasim ölməzdi”

“Amaşov və Mətbuat Şurasının üzvləri birinci növbədə dəfn mərasimində olmalıydılar. Mən onları Rasimin valideynlərinin yanında görmədim”

Source:


“Amaşov və Mətbuat Şurasının üzvləri birinci növbədə dəfn mərasimində olmalıydılar. Mən onları Rasimin valideynlərinin yanında görmədim”

Prezident İlham Əliyev avqustun 9-da “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovun yaxınları tərəfindən döyülməsi nəticəsində ölən jurnalist Rasim Əliyevin işinin araşdırması barədə göstəriş verib. Meydan TV “Turan İA”nın direktoru Mehman Əliyevlə söhbətində bu yöndə sual doğuran məqamlara aydınlıq gətirməyə çalışıb.



– Mehman bəy, prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı açıqlamasını necə qiymətləndirirsiniz? Sizcə, dövlət başçısının tapşırıqlarına əməl olunacaqmı?

– Əvvəla, avqustun 9-da Rasim Əliyevin dəfn mərasimində media və QHT nümayəndələri ilə birgə vəziyyəti müzakirə etdik. Hadisə barədə müxtəlif ehtimallar irəli sürülürdü. Mən daha çox o mövqedəyəm ki, heç bir siyasi sifariş olmayıb, halbuki, müəyyən məqamlar olsa da, əslində, bu qətl xuliqanlıq və özbaşınalıqdan irəli gəlir. Ona görə hökumət məsələnin üstünün açılmasında, günahkarların tezliklə cəzalandırılmasında maraqlıdır. Çünki Rasimin Əliyevin ölümü barədə ittihamlar birbaşa dövlət başçısının üstünə gələcək. Bundan sonra səslənəcək müraciət və bəyanatlar Azərbaycan hakimiyyətinə ünvanlanacaq, ilk növbədə də, prezidentə. Bu mənada hakimiyyət problemin təcili həllini tapmaqda maraqlıdır.



Rasim Əliyevin vəfatından sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov yaydığı açıqlamada sosial şəbəkələri suçladı və ayrı-ayrı qüvvələrdən danışdı…

– Amaşov və Mətbuat Şurasının üzvləri birinci növbədə dəfn mərasimində olmalıydılar. Mən onları Rasimin valideynlərinin yanında görmədim. Ümumiyyətlə, Rasimin döyülməsindən sonra Mətbuat Şurasından heç bir hərəkət görünmədi, halbuki, onlar addım atmalıydılar. Sosial şəbəkələrdən şikayətlənmək isə Mətbuat Şurasının işi deyil. Ona kim hüquq verib sosial şəbəkələrlə məşğul olsun? Mətbuat Şurasını mətbuat yaradıb, sosial şəbəkələr yox. O ki qaldı ayrı-ayrı qüvvələrə, biz özümüzə rəva görüb bu barədə danışmırıq. Biz Rasim Əliyevin döyülməsi nəticəsində ölümünün arxasında nələrin dayandığını toplaşıb müzakirə edəcəyik, eyni zamanda, ölkə mətbuatının durumunu.  Ona görə “hansısa ayrı-ayrı qüvvələr” kimi bəyanatların verilməsi yolverilməzdir. Mətbuat Şurası hadisə bağlı araşdırma aparsaydı, daha yaxşı olardı.



Rasim Əliyevin vəfatı əvvəlki qətlləri, Elmar Hüseynovun, Rafiq Tağının ölüm səbəblərini gündəmə gətirib, onların açıqlamasına kömək edəcəkmi?

– Mən bu hadisələri bir-birinə bağlamazdım. Çünki əvvəlki qətllərin arxasında hakim dairələrin siyasi maraqları dayanmışdı, həmin dairələrin kimliyi artıq başqa məsələdir. Düzdür, Rasimin ölümü də dolayısı yolla hakim dairələrə gedib çıxır. “Qəbələ” futbol klubunun kimə məxsus olduğunu bilirik, həm də klubun bəyanatlarını xatırlayın. Ancaq son hadisədə özbaşınalıq rol oynayıb ki, bu da dövlətin azad mətbauata münasibətindən irəli gəlir. Baxın, son zamanlar döyülən jurnalistlərin şikayətləri ciddi araşdırılmayıb, əgər jurnalistlər özləri sübutlar tapıblarsa, hansısa tədbirlər görməyə məcbur olublar. Adətən, Azərbaycanda cinayət törədənlər tapılmır. Məsələn, Xədicə İsmayılın avqustun 6-da keçirilən məhkəməsindən çıxan adamlar başda Tapdıq Fərhadoğlu olmaqla jurnalistlərə hədə-qorxu gəlib, zor işlətdilər. Bu hadisənin videosu yayılıb artıq, bunlar hamısı polisin göz önündə olub. Amma heç bir tədbir görülmədi, polisə də dəvət edilmədilər. Bunlar göstərir ki, jurnalistlərə qarşı belə münasibətlər hakimiyyət tərəfindən qiymətləndirilmir, nəticədə növbəti cinayətlərin törədilməsinə yol açır.



Rasim Əliyevin ölümündə çox qəribə situasiya yaranıb, bir qrup həkimləri, başqa bir qrup futbolçunu və onun yaxınlarını günahlandırır. Sizin yanaşmanız necədir?

– Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir, baş verənlər dövlət sistemində problemin olduğunu göstərir. Məsələn, futbol klubu polisi suçlayan bəyanat yayıb, öz fanatlarını tribunalara dəvət etmişdi. Yaxud jurnalist döyülüb xəstəxanaya düşür, amma hüquq-mühafizə orqanları dərhal müdaxilə edib istintaq hərəkətləri aparmır. İkincisi, jurnalistin səhhəti nəzarətə götürülmür, halbuki, Rafiq Tağının xəstəxanada  ölümü yaddan çıxarılmayıb. Ona görə ən yaxşı həkimlər xəstəyə nəzarətə cəlb olunmalıydı ki, Rasim ölməsin. Ancaq qabırğaları sınmış jurnalist adi palataya yerləşdirilmişdi, rentgendən başqa heç nə edilməyib, tamoqrafiya aparılmayıb və s. Vəzifəsini yerinə yetirməli olan insanlar layiqincə öz işlərinin öhdəsindən gəlməyiblər, siyasi rəhbərlik bunların heç birinə nəzarət etməyib. Bax, prezident indi tapşırıq verir ki, filan işləri edin. Halbuki, bu tapşırıq Rasim döyülən gün olmalıydı. Əgər prezident həmin gün tapşırıq versəydı, Rasim ölməzdi. Çünki prezidentin tapşırığından sonra Rasimə hər cür tibbi yardım göstərilərdi.



Siz Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlərin döyülməsinə toxundunuz. Ümumiyyətlə, Leyla Yunus və Xədicə İsmayılın məhkəməsinə azad medianın buraxılmamasını necə qiymətləndirirsiniz?

– Necə qiymətləndirmək olar, əlbəttə pis. Jurnalistin vəzifəsi məhkəməni işıqlandırmaqdır. Dövlətin də vəzifəsi bu şəraiti yaratmaqdır. Prezident ötən il elektron məhkəmələrin tətbiqi haqda sərəncam imzalayıb, amma heç bir şey olmayıb. Sərəncama görə, nəinki jurnalistlər məhkəməyə buraxılmalıydı, biz internet vasitəsilə prosesi izləməliydik və çəkilişlərə icazə verilməliydi. Ancaq Azərbaycanda əks proses getdi. Məhz sonuncu məhkəmə proseslərinin birinə getdim, zala sıravi vətəndaşların buraxıldığı qapıdan daxil olmaq istədim, amma icazə vermədilər ki, jurnalist deyilsən. Vəsiqəmi göstərəndə, “sizə olmaz” deyə cavab verdilər. Ayrı-seçkiliyin və tanınmayan adamların prosesə buraxılmasının səbəbini soruşanda, susdular. Sadaladıqlarım onu göstərir ki, hakimiyyət KİV, məhkəmələr haqqında qanunları pozur, özünün verdiyi bəyanatları təkzib edir. Məhkəmələr də ona görə qapalı keçirilir ki, cəmiyyət proseslərdə səslənən açıqlamalardan xəbərdar olmasın. Əgər hakimiyyət Leyla Yunusun və Xədicə İsmayılın işlərində cinayətin olduğuna tam əmin olsaydı, prosesləri şəffaf keçirərdi. Əmin olmadığından prosesləri qapalı keçirir. Çünki ictimai rəydən qorxurlar.

Ana səhifəXəbərlər“Prezident həmin gün tapşırıq versəydı, Rasim ölməzdi”