Prezident fərmanından kənarda qalan evlər

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fərman hansı evlərə şamil olunacaq?

Source:


Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fərman hansı evlərə şamil olunacaq?

Yanvarın 13-də prezident “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı.

Fərmana görə, sənədi olmayan əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi halda dövlət reyestrində qeydiyyata alınacaq.

Bu fərman Azərbaycan reallığında mövcud olan bütün sənədsiz evlərə şamil ediləcəkmi?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qeyri-rəsmi məlumatlara görə Bakı və Abşeronda 500 minə yaxın sənədsiz ev var. Hər mənzildə 3-4 nəfərin yaşadığı nəzərə alınsa, bu, 1,5 – 2 milyon insanın taleyi deməkdir. Fərmanda deyilir ki, sənədsiz əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi halda sənədləşdirilə bilər. Natiq Cəfərli isə deyir ki, Azərbaycandakı mövcud sənədsiz evlərin yarısı təhlükəsizlik nöqteyi nəzərindən uyğun olmayan yerlərdə tikilib. Deməli, Azərbaycandakı sənədsiz ev problemi tamamilə həll olunmayacaq:

“Hökumət buna da çarə tapmalıdır. Ciddi addımlar atıb problemi kökündən həll etməlidir. Çünki həmin ərazilərdə tikilən evlərin tək günahkarı mülkiyyətçi deyil. Bələdiyyə və icra hakimiyyətləri ilərdir heç bir qanunvericilik normalarına fikir vermədən insanlara qeyri-qanuni şəkildə torpaq satıb. Əhali də onlara inanaraq aldıqları torpaqlarda ev tikib. İndi də o evlər problem olaraq qalıb ortada. Çox güman ki, verilən sərəncam bəzi asanlıqlar gətirəcək. Təbii, bu problemin olduğunu artıq hamı etiraf edir və dövlət başçısı buna uyğun sərəncam da imzalayır. Amma buradakı əsas problem sənədsiz evlərin əksəriyyətinin fərmanda qeyd edildiyi standartlara uyğun gəlməməsidir”.

Natiq Cəfərli problemin tamamilə həll edilməsi üçün əlavə bir qərara ehtiyac olduğunu da deyir: “Xüsusi bir qərar olmasa, yerli icra hakimiyyətləri prezidentin bu fərmanından istifadə edərək vətəndaşların əlində olan əmlakı kompensasiya ödəmədən sökməyə cəhd göstərə bilərlər. Ya kommunikasiyalar evlərdən kənara daşınmalıdır, ya da ki, evlər kommunikasiyaların üzərindən sökülüb təhlükəsiz yerlərə köçürülməlidir. Hər iki halda, bu problemlərin həlli üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılması lazımdır. Çox güman ki, sərəncamdan irəli gələn məsələlərin həllində bir optimal variant tapılacaq. İllərlə də bu problem qalsa, sonradan həlli tapılmayan problem kimi başağrısı gətirəcək”.

İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə BŞİH başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Prezident Bakıda evlərin qeydiyyata alınması sahəsində problem olduğunu və bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə almağın vacib olduğunu söyləmişdi. Ancaq bu tapşırıq yerinə yetirilmədi.

Daha sonra prezident 2012-ci il iyunun 27-də “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam da imzaladı. Komissiya yaradıldı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın tərkibinə baş nazirin müavini, daxili işlər, nəqliyyat, ədliyyə nazirləri, iqtisadi məsələlər üzrə prezident köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş, ictimai-siyasi məsələlər, qanunvericilik və hüquq ekspertizası məsələləri üzrə şöbə müdirləri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Neft Şirkətinin prezidenti, “Azərenerji” və “Azərsu”nun sədrləri daxil idi.

Prezidentin müşavirədəki çıxışından 4, komissiyanın yaradılmasından isə 3 il vaxt ötdü. Ancaq sənədsiz ev problemi həll edilmədi. Yeni fərmanın taleyi necə olacaq?

Hüquqşünas Emin Abbasov yeni fərmana pozitiv yanaşır. Deyir, daha öncəki sərəncamlar bugünkü fərmanın hazırlanması üçün atılan addım idi. Ancaq yeni fərman sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində qaydaları müəyyən edir:

“Əvvəlkilər isə sadəcə bu məsələlərin həlli istiqamətində hazırlıq görülməsi üçün idi”.

İqtisadçı ekspert Rövşən Ağayev isə məsələyə münasibət bildirərək deyib ki, bu proses çox ciddi ictimai nəzarət tələb edir. Çünki vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, “centlmen sövdələşmələrlə” fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək.

“Müstəqil QHT-lərin axırına çıxmasaydılar, hətta indi ictimai nəzarət üçün jurnalistlərlə birgə qrup da yaratmaq olardı” – deyə iqtisadçı qeyd edir.

Rövşən Ağayev deyir ki, sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlar üçün çox mühümdü: “Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta sahə müvəkkili belə onun mənzilini buldozer qabağına verə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət etdiyni bir neçə tanışımın ailəsində görmüşəm. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsanlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlərin satışını demək olar ki, mümkünsüz etmişdi. On minlərlə insanın on illərlə yaşadığı iztirabın bir fərmanlıq canı varmış”.

Ana səhifəXəbərlərPrezident fərmanından kənarda qalan evlər