Rəhim Qazıyev: ”Bu şəxsləri mühakimə etmək lazımdır, nəinki istirahətə göndərmək”
Martın 28-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Nazirliyin saytında yerləşdirilən məlumata görə, prezident İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.
Ehtiyata göndərilənlər arasında Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Elbrus Orucov da var.
Elbrus Orucovun Azərbaycan ordusundakı fəaliyyəti haqda Meydan TV-yə danışan sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib ki, bu adamın ən böyük xəyanəti Şuşa və Laçının işğalı zamanı göstərdiyi qorxaqlığı və komandir kimi qabiliyyətsizliyidir:
“Elbrus Orucov nazirin və Baş Qərargah rəisinin əmri olmadan nizamnaməni pozaraq, mühafizəni möhkəmləndirmədən, bölgədə olan artilleriyadan istifadə etmədən Şuşa və Laçın döyüş zonasını tərk edib. Ancaq bütün bunlara baxmayaraq, Heydər Əliyev onu general-mayor rütbəsilə mükafatlandırıb nazirin müavini təyin edir. Eyni dərəcədə Qubadlı-Zəngilan döyüş rayonunu qoyub qaçan Səfər Əbiyevi müdafiə naziri təyin edib və o da 18 il bu vəzifədə çalışıb. Bu dövrdə Əbiyev polkovnikdən general-polkovnik rütbəsinə qaldırılıb və adı korrupsiyada hallanmasına baxmayaraq istirahətə göndərilib”.
R.Qazıyevin qənaətincə, hazırkı Baş Qərargah rəisi Nəcməddin Sadıqov da daxil olmaqla adları çəkilən şəxsləri mühakimə etmək lazımdır, nəinki istirahətə göndərmək:
“Bütün məsuliyyətimlə onlar haqqında iddialarımı əlimdəki faktlarla sübut etməyə hazıram. Ötən ilin aprelində və bu ilin fevralındakı itkilərimizə görə nazirliyin Baş Əməliyyat İdarəsi və Baş
Qərargah rəisi Nəcməddin Sadıqov məsuliyyət daşıyır. Onlar həmin zabitlərin, gənclərin, kəşfiyyatçıların ölümünə görə cavab verməlidirlər”.