Prezident: Biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik

Mehman Əliyev: 99 faiz KİV hakimiyyətdən asılıdır, hakim elita tərəfindən maliyyələşdirilir

Source:
foto report.az
foto report.az



Mehman Əliyev: 99 faiz KİV hakimiyyətdən asılıdır, hakim elita tərəfindən maliyyələşdirilir

Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı olub. Açılışda prezident İlham Əliyev çıxış edərək, belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyduğunu söyləyib.

Dövlət başçısı bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər:

“Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik”.


“Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir”

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub: “İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir”.


“Biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq”

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: “2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir”.

İlham Əliyev onu da deyib ki, bu il oktyabrda Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü: “Roma Papası Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu, bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq”.


“Azərbaycanda media tam nəzarətdədir, azad deyil”

Prezident sonda qeyd edib ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayırlar: “Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin”.

Meyman Əliyev foto Meydan TV
Meyman Əliyev foto Meydan TV

Prezidentin fikirlərini Meydan TV-yə şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda media 99 faiz hakimiyyətdən asılıdır və hakim elita tərəfindən maliyyələşdirilir. Əsas maliyyələşmə də qeyri-qanuni yollarla aparılır. Beləliklə, media tam nəzarətdə olduğundan azad media yoxdur:

“Prezident və hakim komanda üzvləri həmişə Azərbaycanda medianın azad olduğunu deyirlər. Mən televiziyaları kənara qoyuram, onlarla məsələ aydındır. Ancaq online və çap mediasının reklam bazarının həcmi 2-3 milyon manatdır, bu məbləğlə 300-400 media orqanını necə saxlamaq mümkündürmü? Biz bir sıra KİV-lərdə maaşların yüksək olduğunu, ofis, texniki imkanlarını da bilirik, bu vəsait hardan verilir? Əgər medianın iqtisadi müstəqilliyi yoxdursa, yaradıcı və siyasi müstəqillik necə ola bilər? Gəlin, həmin media orqanlarının yazdıqlarına baxaq, ölkədəki durumu tam gerçək şəkildə işıqlandırırlarmı? Yaxud media tam azaddırsa, Meydan TV və Turan TV niyə xaricdə yaranırdı, Azadlıq Radiosunun ofisi nə üçün qapadılır?”.


“Jurnalist döyülür, öldürülür, amma telekanallar, KİV susur”

Mehman Əliyev sual edir: Media azaddırsa, telekanallarda və hakimiyyətin maliyyələşdirdiyi 300-400 KİV-də niyə müstəqil ekspertlər və müxalif partiya nümayəndələri görünmür?

“Jurnalist döyülür, öldürülür, amma həmin telekanallar və medialar, Mətbuat Şurası dəstək olmursa, hətta bir sıra mətbuat orqanları günahkarın həbsdən azad olunmasına dəstək verirsə, hansı müstəqillikdən danışmaq olar? Sadaladıqlarım medianın necə vəziyyətdə olduğunun göstəricisidir”.


“Azərbaycanın büdcəsi on dəfələrlə artsa da, mətbuatın reklam bazarı 7-8 dəfə kiçilib”

Arif Əliyev foto Meydan TV
Arif Əliyev foto Meydan TV

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, bütün dünyada iqtisadi böhran başlayanda prezident “biz çox sürətlə irəliləyirik, bəlkə yavaşlayaq” deyirdi. İndi isə dünyanı gəzə-gəzə pul axtarırlar. Eyni zamanda, mətbuat azadlığıyla bağlı ümumdünya böhranı gedir. Xüsusilə Azərbaycan kimi ölkələrdə bu, özünü daha ciddi göstərir, amma hökumət mətbuatın problemlərinin həll olunduğunu söyləyir: “Mənə elə gəlir ki, Azərbaycanda mətbuatın azad olduğunu demək, çox məsuliyyətsiz yanaşmadır. Bizim başımızı quma soxmağıyla deyil, mətbuatın müstəqilliyi, müdafiəsi və peşəkarlığı böhranı 90-cı illərin sonlarından başlayıb. 90-cı illərlə müqayisədə Azərbaycanın büdcəsi on dəfələrlə artsa da, mətbuatın reklam bazarı 7-8 dəfə kiçilib”.

Ana səhifəAnalitikaPrezident: Biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik