“İntiqam Əliyev bax, mənim kimi sadə bir vətəndaşın işini Avropa Məhkəməsinə apardığına görə həbs olunub”
Noyabrın 30-u yüzlərlə insanın haqqını müdafiə edən və hazırda adı beynəlxalq təşkilatların siyasi məhbus siyahısında olan tanınmış hüquqşünas İntiqam Əliyevin doğum günüdür. O, 52-ci doğum gününü həbsxanada keçirəcək. Onlarla gənc hüquqşünas yetişdirən və hüquq sahəsinə aid kitablar yazan İntiqam Əliyev tək sadə vətəndaşların deyil, həm də vətəndaş cəmiyyəti fəallarının müdafiəsində dayanıb. İntiqam Əliyev eyni zamanda çoxlu sayda işləri Avropa Məhkəməsi səviyyəsinə qədər aparmağa nail olan azsaylı hüquqşünaslardandır.
Qarabağ Qaziləri İctimai Birliyinin sədr müavini Firudin Məmmədov deyir ki, Ədliyyə Nazirliyi 2001-ci ildə təşkilatlarını qeydiyyata almaqdan imtina edəndə, İntiqam Əliyev onların şikayətini Avropa Məhkəməsinə qədər aparıb. Ümumilikdə 5 il çəkən prosesdə Avropa Məhkəməsi son qərar ərəfəsində olarkən , nazirlik birliyi qeydiyyata alıb:
“Hamısını öz hesabına edirdi. Hətta tərcümələri belə. O şeyləri ki, biz özümüz etməli idik. Onda bizim vəziyyətimiz çox məhdud idi. Onun da hamısını o, öz hesabına elədi”.
Firudin Məmmədov deyir ki, ömrünün yarıdan çoxunu vətəndaşların haqqının müdafiəsində dayanan İntiqam Əliyevın həbsi, bütövlükdə ictimaiyyətə qarşı edilən böyük haqsızlıqdır:
“Təsəvvürürmə gətirə bilmirəm ki, İntiqam müəllim bu ittihamlardan hər hansısa birini doğrudan da etmiş olsun. İntiqam Əliyev Azərbaycanda ən dəyərli, ən şərəfli, ən vicdanlı, ən dürüst və ən düzgün insanlarından biridir”.
Başxanım Abbasova isə deyir ki, İntiqam Əliyev həm də bir çoxlarının cəsarət etmədiyi işlərdə vətəndaşların yanında olub. Onun da 2011-ci ildə evi söküləndə, hüquqlarını İntiqam Əliyev müdafiə edib. İşi Avropa Məhkəməsinə qədər daşıdıqdan sonra hüquq müdafiəçisi həbs olunub:
“O, təkcə mənim deyil, o ərazidə evi sökülən, mülkü dağıdılan, haqqı-hüququ pozulan adamların hamısının köməyi olub. Və İntiqam müəllimin üstünə kim, nə üçün gedibsə, İntiqam müəllim bacardığını və bacardığından da bir az çox edib”.
Başxanım Abbasova hesab edir ki, İntiqam Əliyev məhz çoxlarının cəsarət etmədiyi işlərdə vətəndaşların müdafiəsində durduğu üçün həbs olunub:
“İntiqam müəllim nahaqdan saxlanılır. İntiqam müəllimi bu cəmiyyətdən aralamaq üçün, xalqın köməyindən onu kənarlaşdırmaq üçün orada girov saxlayırlar”.
İntiqam Əliyevin vəkil qismində müdafiə etdiyi şəxslərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) üzvü Elçin Həsənovdur. O deyir ki, İntiqam Əliyev onun bir neçə işində, sonuncu dəfə isə onun 2006-cı il aksiyada qeyri-qanuni həbsi ilə bağlı məhkəmədə vəkili olub. Hazırda bu işin də Avropa Məhkəməsində araşdırıldığını deyən fəal İntiqam Əliyevin onun üçün tək vəkili yox, yaxın dostu, müəllimi olduğunu da qeyd edir:
“Düzdür, mən atamı gənc yaşımda itirmişəm. Amma o, mənə atamın və ya bir başqa qohumlarımın etmədiyi yaxşılıqları edib. O, nəinki məndən pul almadı, hətta kiçik 2 manat, 3 manat xərcləri də o, özü ödədi”.
Elçin Həsənov hesab edir ki, İntiqam Əliyevin həbsi, bu gün onun kimi jurnalist və vətəndaş cəmiyyəti fəallarının müdafiəsiz qalması deməkdir:
“Sadəcə mən deyim ki, İntiqam Əliyev bax, mənim kimi sadə bir vətəndaşı, müxalif fikirli insanların işini Avropa Məhkəməsinə apardığına görə həbs olunub ki, yəni, bizim kimi insanlar başsız qalsın”.
İntiqam Əliyev insan haqları sahəsində göstərdiyi fədakarlığa görə 2013-cü ildə Praqada People in Need təşkilatı tərəfindən mükafata layiq görülüb. Bir il sonra, avqustun 8-də isə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma kimi ittihamlarla həbs olunub. Ailə üzvləri Kürdəxanıdakı Istintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisinin səhhətində ciddi problemlərin yarandığını deyirlər. Intiqam Əliyev isə onu sevənləri narahat etməmək üçün ictimailəşməsini istəmir. O, həbs olunduğu gün belə dostlarının, ona dəyər verən insanların qeydinə qalmağı unutmur, onları nikbin olmağa səsləyirdi:
“Xahiş edirəm, mənə vaxt ayırmayın. Dostlarıma ayırın. Həbsdə olan digər dostlarıma ayırın. Mənə vaxt ayırmayın. “Facebook”da pozitiv olun”.