Poyluda bir məktəb var, döşəmələri çürük, tavanı dağılmış…

Foto: Meydan TV

Ağstafa Rayon İcra Hakimiyyəti deyir, məktəb binasının təmiri nəzərdə tutulub

“Döşəmələri çürük-çürük, istiliyi yox… Uşağı evdən sağlam göndəririk, xəstələnib üstümüzə qayıdırlar. Məktəbin təmirə ehtiyacı var.  Kənddə mavi yanacaq ola-ola məktəb odunla qızdırılır”. 

Ağstafa rayonu, Poylu kəndinin sakinləri təzə, müasir məktəb arzusundadır. Kənd sakinləri Meydan TV-yə gileylənir ki, övladlarının təhsil aldığı kənd orta məktəbinin binası qəzalı vəziyyətdədir. Övladları təhsildən kənarda qalmasın deyə, kəndlilər onları həmin qəzalı məktəb binasına göndərməyə məcburdur. Kənd sakinləri danışır:

“O məktəbin sinif otağına heyvanı da bağlasan, dayanmaz. Ancaq biz ora oxutmaq üçün uşaq göndərməyə məcburuq. Dəhlizlərdə iri siçovullar adamın ayağının altından o tərəfə, bu tərəfə qaçır. Addımını atmağa qorxursan, ayağın girir döşəməyə…».

“Əvvəl məktəbi abıra salsınlar”

Kənd sakinləri deyir, məktəbin binasında istilik olmadığı üçün havalar soyuyanda uşaqların məktəbə davamiyyəti zəifləyir:

“Əvvəl gəlib məktəbi abıra salsınlar, sonra şagirddən davamiyyət tələb etsinlər. Biz uşaq böyüdüb boya-başa çatdırmırıq ki, gedib soyuq, uçuq-sökük məktəbdə vərəm tapsın”.

Məktəbdə tualet yoxdur. Daha doğrusu, var, ancaq elə yox kimi şeydir, qapısız, səliqəsiz tualetdən şagirdlər istifadə edə bilmir.

Kənd sakinləri yığışıb Təhsil Nazirliyinə, Ağstafa Rayon İcra Hakimiyyətinə, yerli təhsil şöbəsinə müraciət ediblər ki, ya təzə məktəb tikilsin, ya da köhnəsi abadlaşdırılsın. Ancaq demələrinə görə, onlara heç kəs qane edən cavab verməyib. Sakinlər də tənbəllik etməyib prezidentə yazıblar. Yazıblar ki, övladlarımızı tavanı dağılmış, döşəməsi çürümüş, içərisinə yağış yağan məktəb binasından xilas edin. Kəndimizin uşaqları üçün təzə məktəb binası tikilməsi üçün göstəriş verin.

Məktəb binasının təmir bərpası nəzərdə tutulub

Ağstafa Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Poyluda yeni məktəb binasının tikintisi gözlənilməsə də, köhnəsini təzələmək kimi fikir dolaşır. Yəni məktəb binasının təmir-bərpası nəzərdə tutulub. Ancaq bu məsələ icra hakimiyyətinin yox, Təhsil Nazirliyinin vəzifəsinə aiddir. Məktəbin istilik sistemi isə yaxın vaxtlarda yenidən qurulacaq.

Təhsil Nazirliyindən isə münasibət öyrənmək mümkün olmayıb.

Bir sözlə, balaca məktəblilərə dərs oxumağa gedərkən altdan geyinib, üstdən qıfıllanmaq və səbr etmək qalır.

Ana səhifəBölgəPoyluda bir məktəb var, döşəmələri çürük, tavanı dağılmış…