Rauf Mirqədirov: Mümkün qədər çox ermənini dəvət edib, Azərbaycanın investisiya imkanlarından istifadə edərək, Dağlıq Qarabağda hansı şəraitin yaradılmasını demək vacibdi
Ötən həftənin siyasi olayları sırasında erməni publisisti, yazıçısı və ictimai xadimi Vahe Avetyanın, Vaan Martirosyanın və Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyanın Bakı səfərlər müzakirə predmeti oldu.
Siyasi icmalçı Rauf Mirqədirov rəsmi Bakının uzun illərdən sonra xalq diplomatiyasına münasibətini dəyişdiyinə və erməniləri Azərbaycana dəvət etmələrinə şaddır.
R.Mirqədirov bu barədə Meydan TV-yə danışarkən fikrini ifadə edib.
Ancaq o düşünür ki, Bakıya gələn ermənilər Ermənistanda ictimai fikrə təsir edəcək gücdə deyillər: “Onların müəyyən təsir dairəsi olsa da, bu, heç də müəyyənedici deyil. Düşünməyək ki, 3 erməni ictimai xadimini Bakıya gətirməklə erməni xalqının Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə münasibəti kəskin dəyişəcək”.
Bununla belə, siyasi icmalçı bu hadisənin özünü bir neçə səbəbdən pozitiv hesab edir: “Birinci, ya müharibə aparmalısan, ya da danışıqlar. Müharibə aparmırsansa, ikincini seçməlisən. Əgər heç bir variantı qəbul etmirsənsə, o zaman dünyada səni başa düşməyəcəklər. Dünyada bu cür diskussiya meydançaları yaradırlar, amma bu diskussiyalara qatılanların heç də hamısı problemin sülh yoluyla həllinin tərəfdarı deyillər. Sadəcə, münaqişənin həlli istəyinin nümayişi olmalıdır. İkinci, Azərbaycan bir çox parametrlərinə görə Ermənistandan irəlidir, müxtəlif amillər var, neft gəlirləri və s. Əgər fərqli şərtlər daxilində neft gəlirlərindən istifadə olunsaydı, tamam başqa mənzərə yaranacaqdı. Fakt odur ki, gəlirlərin hesabına Bakı ən azı dəyişir və erməniləri dəvət edib, onlara bunu göstərmək lazım idi. Mümkün qədər çox ermənini dəvət edib, Azərbaycanın investisiya imkanlarından istifadə edərək, Dağlıq Qarabağda hansı şəraitin yaradılmasını demək vacibdir. Məsələ ondadır ki, Ermənistan hər il büdcəsindən 100 milyon dollara yaxın Dağlıq Qarabağa ayırır, bundan imtinanın vacibliyini onlara anlatmalıyıq. Rəsmi Bakı bir tərəfdən Dağlıq Qarabağ ermənilərinə hər cür şərait yaradacağını deyir, digər tərəfdən onlarla danışmaq istəmir, bu isə birinci bəyanata şübhə yaradır. Güman edirəm ki, bundan sonra ermənilərlə görüşən hüquq müdafiəçilərini, ictimai xadimləri xalq düşmənləri saymayacaqlar. Son illərə qədər daha çox hökumətə bağlı KİV-lər Ermənistana səfər edən, yaxud başqa ölkələrdə ermənilərlə təmas quranlara qarşı kampaniya aparırdı. Ki, xalq düşmənləri az qala Azərbaycanı satdılar”.
Ancaq Rauf Mirqədirov postsovet məkanında xalq diplomatiyası vasitəsilə münaqişələrin həll olunmasının qeyri-mümkünlüyünü də bildirib: “Ən azından ona görə ki, ictimai fikrin formalaşmasının mexanizmləri tamamilə hakimiyyətin nəzarəti altındadır. Baltikyanı respublikalar istisna olmaqla, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanda vəziyyət belədir, sadəcə, bir-birindən fərqli məqamlar var. Xalq diplomatiyası xoş məramdır və bunu xalq arasında yayılması yolu KİV-lərlə, sosial şəbəkələrlə mümkündür. KİV-lər hakimiyyətin nəzarəti altındadır, sosial şəbəkələrdə isə hər hansı ideyanın populyarlaşması üçün resurslar lazımdır, ona görə də iqtidar özü bu məsələdə maraqlı olmasa, ciddi bir şey alınmayacaq”.
R.Mirqədirov hesab edir ki, ermənilərin Bakıya gəlişinin münaqişənin həllinə ciddi təsiri olmasa da, beynəlxalq aləm üçün ciddi mesajdır: “Bütün hallarda münaqişənin həllinin son dayanacağı diplomatların masa arxasında oturub razılığa gəlməsidir. Bununla belə, sülh müqaviləsi imzalanan zaman xalq diplomatiyası aparan insanlara tələbat artacaq. Çünki güzəştlərin zəruriliyini izah etmək ehtiyacı yaranacaq. Bütün hallarda postsovet məkanında siyasi elitalar münaqişənin həllini özü istəməlidir, əks təqdirdə ictimai fikir elitanı hansısa tərəflərə məcbur etmək iqtidarında deyil”.