“Post- pandemiya günlərində də neftin qiyməti kəskin bahalaşmayacaq”

“Ən yüksək halda ilin sonuna doğru 25-30 dollar civarında olacaq”.

Foto: Meydan TV


Natiq Cəfərli: “Dünyada da ən böyük problem neftin saxlanması ilə bağldır”

Dünya birjalarında neftin qiyməti kəskin enib.

Londonun ICE (

“InterContinental Exchange Futures”

) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar geriləyərək 25,44 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə mənfi diapazondan çıxaraq 1,60 dollar təşkil edib.

ABŞ-ın “Light” markalı neftinin qiyməti dünən tarixdə ilk dəfə olaraq mənfi qiymətə enib.

İqtisadçı Natiq Cəfərli deyir ki, neftin qiymətinin kəskin enməsinin əsas iki səbəbi var. Birincisi, ötən gün ABŞ-ın yüngül neftinin may ayı üçün satışının son günü olmasıdır:

“Ona görə də may ayı üçün əlində neft ehtiyatı olanlar həmin ehtiyatların hamısını satmaqda maraqlıdırlar. Çünki mayda dünyanın karantindən çıxması ehtimalı aşağıdır. Bu gün dünyada 4 milyarda yaxın insan karantindədir. Bu, onu deməyə əsas verir ki, mayda neftə olan tələbat artmayacaq. Ona görə də əllərində neft ehtiyatı olan satıcılar onu tezliklə satmağa çalışırlar. Hətta saxlanma və daşınma xərclərini də satıcılar öz ciblərindən verməyə razıdırlar. Çünki nefti saxlamağa yerləri yoxdur. Dünyada bu gün neft istehsalı 100 milyon bareldirsə, istehlak təxminən 70 milyon barelə düşüb. Hər gün 30 milyon barel artıq neft yaranır. Onları saxlamaq üçün tanker və rezervarlar çatışmır”.

Natiq Jafarli (2).jpg
Natiq Cəfərli

İqtisadçıya görə, ikinci böyük problem neftin saxlanmasıdır. O düşünür ki, bu, dalğa-dalğa, artan templə davam edəcək:

“Bu həftə neft istehsalının daha 10 milyon barel aşağı düşmə ehtimalı var. İstehsal olunan 100 milyon neftin 40 milyonu yenə istehlak olunmayacaq. Bunu yığmaq üçünsə yenə də əlavə rezervarlara ehtiyac var. Dünyada da ən böyük problem neftin saxlanması ilə bağldır”.

Natiq Cəfərli deyir ki, hətta maydan sonra, post- pandemiya günlərində də neftin qiymətinin kəskin bahalaşması mümkün olmayacaq:

“Pandemiyadan sonra iqtisadiyyatın çarxları dönməyə başlasa belə, bir müddət ucuz nefti yığmış, rezervarlarda saxlamış şirkətlər və neftayırma zavodları həmin ucuz neftdən istifadə edəcəklər. Yenə də istehsal olunmuş neft tamamilə istehlak edilməyəcək. Odur ki, bu ilin sonuna qədər neft qiymətlərinin ucuz səviyyələrdə qalması ehtimalı yüksəkdir. Ən yüksək halda ilin sonuna doğru 25-30 dollar civarında olacaq”.

Ana səhifəİqtisadiyyat“Post- pandemiya günlərində də neftin qiyməti kəskin bahalaşmayacaq”