Bu günlərdə “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” (“Black Garden: Armenia and Azerbaijan Through Peace and War”) kitabından bizə yaxşı tanış olan Thomas de Waal,
“
Foreign Affairs”
məcmuəsində maraqlı məqalə ilə çıxış edib. Yeri gəlmiş, Qarabağ konflikti haqda bəlkə də ən əhəmiyyətli monoqrafiya məhz onun yazdığı kitabdır. Bu faktın özü nəyə desən, dəyər: 25 illik qarımış bir faciənin dəqiq, yazılı ifadəsi məhz xarici tərəfindən edilir. Şifahi xalqın şifahi də tarixi olur, nə edək…
Qısası, Thomas de Waal həmin məqalədə yazır:
“Azərbaycan özünün türklüyü və şiə məzhəbi, ancaq dünyəvi ənənələri, demokratik, eyni zamanda, avtoritar tarixi ilə keçmiş Sovet İttifaqının ən mürəkkəb və maraqlı ölkəsidir.”
Xaricilərin bir çox ölkələrə bu cür marağının çox şahidi olmuşam. Doğrusu, özümə də Türkmənistan və Şimali Koreya uzun illər çox maraqlı və əsrarəngiz gəlib, çox-çox istəmişəm oralara bircə dəfə də olsa, gedib, hamısını canlı, öz gözlərimlə görüm. Türkmənbaşı həyata “əlvida” deyəndə, məhz bu səbəbdən çox-çox təəssüflənmişdim.
Əslində, Türkmənistan və Şimali Korya bəndənizin sırf kültür seçimi idi, bu cür “maraqlı” ölkələrdən Afrikada və ya Yaxın Şərqdə kefin istəyən qədər tapa bilərsiniz. Adam əti yeyən diktatoru olan və ya tualet yerinə küçələrdən istifadə edilən ölkələr, uşaqların aclıqdan köpdüyü və ya doqquz yaşa çatmamış qız uşaqlarının legitim pedofilik məqsədlər üçün əlli yaşlı kişilərə verildiyi ölkələr, lap bu günlərdə verilmiş fətvaya görə, hakimiyyəti tənqid etmək günah sayılacaq Tacikistan, və ya qızların indiyə kimi (heç bir keyləndirici belə istifadə edilmədən) sünnət edildiyi Sudan bu mənada çox-çox “maraqlı” sayıla bilər. Ekzotika, əsrarəngizlik, sirri-hüda, hur-qəlyayi ehtiraslar, hətta istəsən “alternativ sivilizasiya” belə öz yerində, eyni zamanda xaricilər üçün kifayət qədər labarator və sosialoji-elmi maraq kəsb edən ölkə-xalqlar bunlardır.
Hazırda isə Waal’a da sırf labaratoriya obyekti (və məqsədləri kimi də) maraqlı olan ölkəmizin halına yalnız acımaq qalır. Waal’ın bu məsələdə jurnalist, və ya təhqiqatçı kimi marağı olmasına şübhəm yoxdur, amma bu kimi “marağın” nəyə dəlalət etdiyini artıq hamı özü üçün aydınlaşdırmalıdır.
Əslində artıq aksioma çevrilmiş bu söhbətləri möhürünü Jirinovski vurdu: adam çox rahatca dəfələrlə təhqir etdiyi və alçaltdığı bir xalqın dövlətinə təşrif buyurdu. Onu kimlər qarşıladı, bunun şahidiyik. Hamısı da bu gəlişə “ləbbeyk” deyirdi, ümumiyyətlə sosial şəbəkələr istisna, bircə nəfər də adama gözün üstə qaşın var demədi. Səbəb? Çox sadədir.
Feodalizm haqda dəfələrlə demişik, yazmışıq, bir kəsə maraqlı deyil təbii ki. Amma hazırda Azərbaycandakı mövcud idarəetmə sistemini ifadə etmək üçün daha sadə, “xalq dilini” hardan tapaq, necə tapaq? Məsələ burasındadır ki, elə həmin feodalizmdə, orta əsrlər dövründə dövlət anlayışı əksərən hakimiyyəti ələ keçirə bilmiş sülalənin özü ilə assosiasiya edilirdi, daha ölkənin adı ilə yox. Misallar çoxdur, tutalım Şəddadilər dövləti və ya Rəvvadilər dövləti, Atabəylər dövləti, yaxud, elə fəxr etdiyimiz Dövləti-Səfəviyyə, Dövləti-Qacar və s.
Hazırkı mövcud Azərbaycan dövləti də məhz bu optikadan qiymətləndirilməlidir, çünki əksini iddia etməyə artıq əlimizdə heç bir əsas yoxdur. Belə olan tərzdə, Jirinovski hakim sülaləyə qarşı nə qəbahət iş etmişdi ki, ona “gözün üstə qaşın var” deyən olsun? Əksinə, o da Waal’ın dediklərini bir qədər başqa formada təkrar etdi – Azərbaycan çox gözəl ölkədir və maraqlı imiş, xüsusən də rus televiziyasında pomidorlarımızı çox təriflədi. Xatirinizdədirsə, bunu risdilli nəşrlərimiz “çox pozitiv” qiymətləndirmişdi o zaman.
Ölkəni demək maraqlı edən adamlarımız yox, məhz pomidorlarımız imiş.
Nə demək olar, bəyəm adam heç haqlı deyil?
Pomidorlarımız doğrudan da dadlıdır axı, kim buna nə deyə bilər ki?
Seymur Baycan “Azərbaycan niyə maraqsızdır?” məqaləsinə cavab olaraq
yazmışdı
ki,
“Azərbaycan ona görə maraqsızdır ki, azərbaycanlıların özü maraqsızdır”
. Görünür bunu artıq aksioma kimi qəbul etməliyik. Pamidorlarımız daha maraqlı olduğu üçün.
P.S. Xatirinizdədirsə, Elçibəy də bu məsələ haqda 20 il bundan öncə öz məşhur sözünü demişdi: “Fransadan xalq gətirməyəcəm ki?” Yaxşı, bu o zaman idi, 20 il bundan öncə. Bəs xalq bu qədər zamana heç dəyişməli deyildi ki? Xalq da dəyişməz substansiya olmalı deyil axı.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.