Polşada prezident seçkisində sağçıların namizədi qalib elan olunub

Foto: Reuters

Onun qələbəsindən sonra sağçıların Baş nazir Donald Tuskun istefasını tələb etdikləri bildirilir

Polşada iyunun 1-də keçirilmiş prezident seçkilərinin ikinci turunda müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib.

O, iqtidar koalisiyasının namizədi, liberal Rafal Tşaşkovskini məğlub edərək Polşanın yeni Prezidenti seçilib.

Dövlət Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Karol Navrotski 50,89% səs toplayıb, Tşaşkovski isə 49,11% səslə ikinci olub.

Seçkilərdə seçici fəallığı 71,63% olub və təxminən 21 milyon seçici səs verib.

Bu nəticələr, Polşanın siyasi həyatında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir, çünki Navrotski, xüsusilə Avropa İttifaqına qarşı çıxan və mühacirlərə qarşı sərt mövqe tutan bir siyasətçi olaraq tanınır.

Karol Navrotski səsvermə başa çatdıqdan sonra verdiyi açıqlamada, Polşada vətənpərvər düşərgəni birləşdirəcəyini və “qanunsuz miqrantların olmadığı normal Polşa” quracağını bildirib.

Karol Navrotskinin qələbəsindən sonra sağçıların Baş nazir Donald Tuskun istefasını tələb etdikləri bildirilir.

Bu tələbi ilk səsləndirənlərdən biri Hüquq və Ədalət Partiyasının Seymdəki (parlamentin aşağı palatası) nümayəndəsi Anjey Slivka olub.

Deputatın sözlərinə görə, seçkilərdə Karol Navrotskinin əsas rəqibi Varşavanın meri Rafal Tşaskovski deyil, Donald Tusk olub.

“Rafal Tşaskovski Donald Tuskun göstərişlərinin icraçısıdır və Tusk uduzub”, – Anjey Slivka bildirib.

Onun fikrincə, Karol Navrotskinin qələbəsi “hökumət uçun qırmızı vərəqə”dir.

Ana səhifəDünyaPolşada prezident seçkisində sağçıların namizədi qalib elan olunub