Polkovnik Elmar Salayev həbs olunub

General-mayor Mahmud Həmzəyevin həbs olunma xəbəri yayılsa da, təsdiqlənmədi

Source:

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev 3 aylıq müddətə həbs olunub. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbədən məlumat verilib. M.Həmzəyevlə birgə xidmət etmiş polkovnik Elmar Salayevin də həbs olunduğu bildirilib. Onların yeyintilərdə və mənimsəmələrdə ittiham olunduqları qeyd olunur.

Mənbə bildirdi ki, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılan bu iki şəxslə bağlı mayın 13-də Binəqədi rayon məhkəməsində hakim Abbaz Rzayevin sədrliyi ilə keçirilən iclasda Mahmud Həmzəyevin və Elmar Salayevin 3 ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarılıb.

Hərbi mənbələrdən “Doktrina” JHAM-a verilən digər məlumata görə, Şəmkir Hərbi birləşməsinin keçmiş komandiri Çingiz Şəfiyevin yaxın günlərdə istintaqa çağırılacağı gözlənilir.

Xəbəri Hərbi Prokurorluq nə təsdiq, nə də təkzib edib. MeydanTV-nin əldə etdiyi məlumata görə Mahmud Həmzəyev deyil, yalnız Elmar Salayev həbs olunub. Binəqədi məhkəməsi mayın 13-də onun barəsində həbs-qətiimkan tədbiri seçib.

Ana səhifəXəbərlərPolkovnik Elmar Salayev həbs olunub