Politoloq: Karapetyanın Qarabağa səfəri Şuşadakı tədbirə cavab reaksiyasıdır

Foto: https://news.am/

Azər Qasımlı: “Müdafiə Nazirliyinin bəyanatı İlham Əliyevin çıxışı ilə ziddiyyət təşkil edir”

“Azərbaycan Müdafiə Nazirliyinin 9 oktyabr bəyanatı dövlət başçısı İlham Əliyevin son bir ildə dəfələrlə səsləndirdiyi “Dağlıq Qarabağ yoxdur, Qarabağ problemi də həll olunub” açıqlaması ilə ziddiyyət təşkil edir. Əgər Dağlıq Qarabağ Azərbaycanın nəzarətində olsa, yəni Xankəndində və digər bölgələrdə yerli atributlarımız bərpa olunsaydı, Ermənistanın müdafiə naziri ora gələ bilməzdi. Nazirliyin bəyanatı bir daha problemin həll edilmədiyini göstərir”.

Bunu politoloq Azər Qasımlı Azərbaycan Müdafiə Nazirliyinin 9 oktyabr bəyanatını Meydan TV-yə şərh edərkən deyib.

Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan müdafiə nazirinin icazəsiz Azərbaycan ərazilərinə daxil olması, qanunsuz hərbi birləşmələrlə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır.

“Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilib. Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür”, – deyə bəyanatda qeyd olunur.

Siyasi şərhçi Əhməd Əlili Ermənistan müdafiə nazirinin Xankəndinə səfərini Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 8-də Şuşada keçirdiyi tədbirlərə cavab reaksiyası sayır:

“Bu mənada Arşak Karapetyanın səfəri təxribat da ola bilər. Ümumi konteks ondan ibarət idi ki, mütləq nəsə etmək lazım idi. Mümkündür ki, Arşak Karapetyanın səfəri dünən bir erməninin öldürülməsi ilə əlaqəli olsun. Ya kiçik diversiya əməliyyatına rəhbərlik edib, yaxud Arşak Karapetyanın orada olması Azərbaycan Müdafiə Nazirliyini təhlükəsizlik tədbirlərinə bir daha baxmağa məcbur edib. Beləliklə, istənilən xırda insdent erməni tərəfinin gözünə diversiya kimi görünüb, nəticədə 1 erməni ölüb, 3 nəfər isə yaralanıb. Amma maraqlı məqam odur ki, Azərbaycan-Ermənistan münasibətlərində hansısa müsbət dönüş ehtimalı gündəmə gələndə, Dağlıq Qarabağda mütləq konfrantasiya görüntüsü yaradılır”.

“Məsələn, Nikol Paşinyanın Moskva səfəri zamanı bölgədə bir mülki erməni öldürüldü və Azərbaycan maşınına qarşı atışma oldu.

“Qarabağ klanı”nın Ermənistan ordusunda təsir imkanlarına bələdsiniz, bu baxımdan sabiq prezident Robert Köçəryanın noyabrın 8-də Yerevandakı mitinqi də separatçıları müəyyən qədər fəallaşdıra bilər. Həm bu fəallıq, ardınca dünənki təxribat və Arşak Karapetyanın ərazimizə səfəri də böyük bir prosesin tərkibidir. Əlbəttə, bunlar mənim ehtimallarımdır”, – politoloq belə deyir.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd edirlir ki, Ermənistanın hərbi rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir.

Bildirilir ki, Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir:

“Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir. Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik”.
Nazirlik xəbardar edib ki, bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəUncategorized @azPolitoloq: Karapetyanın Qarabağa səfəri Şuşadakı tədbirə cavab reaksiyasıdır