Adil Süleymanov: “Bu paltarlar vasitəsilə sübut eləməyə çalışırlar ki, yandırılımış meyit Nərminindir”
2019-cu ilin noyabrında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesi davam edir. Martın 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Nərmin Quliyevanın sinif yoldaşı olmuş əmisi oğlu Ayxan, həmçinin əmisinin həyat yoldaşı Nailə Quliyeva şahid qismində dindirilib. Nərmin itkin düşdüyü gün adları çəkilən hər iki şahidin yaşadığı evlərdə olub.
Nərmin Quliyeva əvvəlcə əmisi Arif Quliyevgilə gəlib. Atası onunla əmisi Arifə məxsus gödəkçəni göndərib. Bu əmisinin gödəkçəsini verəndən sonra isə üzbəüzdə yaşayan digər əmisi Lətif Quliyevgilə gedib. Oradan əmisi oğlu Ayxandan atasına məxsus gödəkçəni alıb. Ondan sonra Nərmin Quliyeva itkin düşüb.
Ayxan Quliyev bundan əvvəl də iki məhkəmə iclasında dindirilib. Lakin onun istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında ziddiyyətlər ortaya çıxıb. Ona görə də onun istintaqdakı ifadəsi elan edilib. O, polis və prokurorluqdakı izahat və ifadələrində bildirib ki, Nərminə atasının gödəkçəsini verəndən sonra onu içinə qoymaq üçün paket də vermək istəyib. Evdən paket götürüb çıxanda Nərmini həyətdə görməyib. Onun arxasınca küçəyə çıxıb, görüb ki, artıq yoxdur. Yəni Nərmin qısa müddətdə artıq yox imiş.
Lakin məhkəmədə Ayxan Quliyev bildirib ki, o, küçəyə çıxmayıb, evin qarşısında dayanıb.
Bundan başqa, istintaqa ifadələrinin birində Nərminin onlara saat 15.00-da, digərində isə 15.30-da gəldiyini bildirib. Məhkəmədə isə deyib ki, 14.30-da gəlmişdi.
Ayxan Quliyev məhkəmədə dindirilərkən ayrıca otaqda saxlanılıb. O, monitor vasitəsilə məhkəmə zalına qoşulub. Vəkillər ondan bu ziddiyyətləri izah etməsini istəyib. O deyib ki, istintaqda da məhkəmədə dediyi kimi danışıb, müstəntiqin yazdığı kimi yox.
Nərmin gedib atasının gödəkçəsini götürdüyü vaxt əmisigildə başqa bir əmisinin oğlu Qorxmaz Quliyev də olub. Həmin Qorxmaz Quliyev məhkəmədə dindiriləndə demişdi ki, o gün həkimə getmişdi. Ayxan isə deyir ki, Qorxmaz həmin gün heç yerə getməmişdi.
Məhkəmədə bir sıra başqa ziddiyyətlər də ortaya çıxıb.
Nərminin digər əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyeva da martın 2-də məhkəmədə şahid qismində dindirilib.
O bildirib ki, noyabrın 21-də Nərmin həyat yoldaşının gödəkçəsini gətirmişdi:
“Günorta saat 14.30-14.40 olardı. Əlində göy paket vardı. Kurtkanı verdi, dedi ki, “əmi, atam verdi, atamın kurtkası da nənəmgildədi, gedib onu götürəcəm”. Qayınanamgil yolun o biri üzündə qaynımgildə olur. Saatyarım sonra bacısı Şəbnəm gəldi, Nərmini soruşdu. Axşam hardasa 6-da çiyəraxşamına getdik. Bir gün əvvəl mənim qızımın toyu olmuşdu, 22-də oğlan toyu olacaqdı. Axşam qaynımın oğlu gəldi ki, Nərmin itib, yoxdu. Getdik onlara, gördük ki, üç polis oturub, nəsə yazırlar. O vaxtdan axtarmağa başladıq”.
Kənddə yanmış meyitin tapılmasından danışan Nailə Quliyevanın sözlərinə görə, xəbəri eşidən kimi həyat yoldaşı Arif o tərəfə gedib. Özü də həyat yoldaşının arxasınca gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları heç kimi, o cümlədən onları da meyitə yaxın durmağa qoymayıblar:
“Polislər irəli buraxmadı. Yoldaşım 10-15 metrdən görüb. Əynindəki paltarlardan tanıdı. Ayağında ketə, krossovkaya oxşar ayaqqabı idi, qırmızımtıl kurtka, yun papaq, cins şalvar…”
Vəkil Əlibaba Rzayev Nailə Quliyevadan soruşub ki, özü meyiti görübmü? O bildirib ki, meyiti görməyib. Vəkil soruşub ki, meyiti kim yuyub? O, baldızlarının (Nərminin bibiləri) yuduğunu deyib. Daha sonra ifadəsini dəyişib. Bildirib ki, baldızları “morq”a getmişdi. Lakin onların meyiti yuyub-yumadığını bilmir. Sonda isə cavabını konkretləşdirərək bildirib ki, uşağın meyitini kimin yuduğunu bilmir.
Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmədə dindirilərkən məlum olub ki, o da uşağının meyitini görməyib. Hətta yandırılmış meyitin tapılması xəbəri gələndən sonra Ayrurə Quliyeva hadisə yerinə getməyib. Sonradan “morq”a da gedib meyitə baxmayıb. Bunu özü də dindirmə zamanı suallara cavab verərkən etiraf edib.
Məhkəmə prosesi martın 9-da davam edəcək. Həmin iclasda Nailə Quliyeva suallara cavab verəcək.
Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Quliyevlər bir çox həqiqəti gizlədirlər. Bu üzdən onların ifadələrində bir çox ziddiyyət olur. Adil Süleymanov məhkəmədə indiyədək dindirilən Quliyevlərin hamısının Nərminin əynindəki geyimlərlə bağlı dediklərinə diqqət çəkib:
“Necə olur, bu adamların hamısı – böyüyündən tutmuş, kiçiyinə qədər Nərminin əynində olan ən xırda geyimi də yadında saxladı? Mümkün deyil axı. Hardan bilirdilər ki, Nərmin itəcək, diqqətlə baxıb, yadlarında saxlamışdılar? Hamımız hər gün onlarla yaxınlarımızı görürük, onların hamısının geyimini yadımızda saxlamırıq axı. Onların sadaladıqları yanmış meyitin üstündə olanlardır, Nərminin əynində olanlar yox. Təəccüblü olan isə budur ki, meyit yanıb, tanınmaz hala düşüb, amma üstündəki geyimlər yox. Bu da düşünməyə əsas verir ki, meyit əvvəlcədən yandırılıb, ora atılandan sonra bir daha yandırılıb. Paltarlar isə əvvəl yandırılmış meyitə geyindirilib. Bu paltarlar vasitəsilə sübut eləməyə çalışırlar ki, Nərminin meyitidir. Guya Nərmin itən gün də həmin paltarlar olub əynində…”
Adil Süleymanov Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın məhkəmədə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərov haqqında dediklərini də yada salıb. Aynurə İsmayılova bildirmişdi ki, meyit tapılmamışdan iki gün öncə polis rəisi onlara gələrək soruşub ki, uşağın meyiti tanınmaz halda tapılsa, paltarlarından onu tanıya bilərlər?
“Polis rəisi hardan bilirdi ki, uşağın dirisi yox, meyiti tapılacaq, özü də tanınmaz halda? Həm də sual verib ki, paltarlarından tanıya bilərsiz? Bu, çox ciddi məqamdır və mütləq araşdırılmalıdır”, – Adil Süleymanov bildirib.
O da məlum olub ki, İlkin Süleymanovun işi üzrə son üç məhkəmədə sabiq polis rəisi Şirzad Əsgərovun qardaşı da iştirak edir. Süleymanovlar ailəsi də bundan xəbərdardır: “Biz də bu haqda məlumatlıyıq. Düzü, niyə gəldiyini bilmirik. Bəlkə də prosesdə nəyin baş verdiyini diqqətdə saxlamaq, məlumatlı olmaq istəyirlər. Qəti bir söz deyə bilmərik. Amma bizim çəkinəcəyimiz məqam yoxdur. Çünki İlkin təqsirsizdir. Gizlədəcəyimiz heç nə yoxdur. Əksinə, qarşı tərəfin gizlədəcəyi çox şey var və gizlədirlər”.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.