”Polis rəisi başımdan dubinka ilə vurdu”

 “Mən 7-ci qəsəbəyə gedərkən yolda Araz müəllim (red. Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyev) söyüşlə, təhqir edə-edə məni dubinka ilə vurdu. Araz Şahverdiyev arxadan birinci çiynimdən vurdu, sonra başımdan zərbə vurdu. Orada da mən huşsuz şəkildə yerə yıxıldım. Oradan məni xəstəxanaya aparıblar”- 22 dekabrda Biləsuvarda Cəbrayıldan olan köçkünlərin işıqlarının kəsilməsinə görə keçirdikləri aksiyada zərərçəkən sakin Taleh Şükürov başına gələnlərdən danışır.

Yerə yıxılandan sonra onu Cəbrayıl rayonu 1 saylı xəstəxanaya aparıblar. Orada həkimlərin müdaxiləsindən sonra evə buraxılıb. Amma o, sağlamlığına vurulan ziyanla bağlı şikayət ərizəsi yazıb. Deyir ki, polis işçiləri ona hədə-qorxu gələrək rəislərindən şikayətçi olmamağı tapşırıblar.

“Ekspertiza başımda hematoma, yəni qan laxtalanması, topalanması olduğunu aşkar edib, çiynim göyərib, ayağımda təpik izləri var. Polislərin özləri deyirlər ki, Araz Şahverdiyevdən şikayətçi olma. Heç kimdən şikayətçi olma, heç kimin səninlə işi yoxdursa, şikayət eləmə. Araz Şahverdiyev söyməsəydi, təhqir etməsəydi, mənə dubinka vurulmasaydı, mən belə başa düşürəm ki, hər kəs evinə qayıdıb gələcəkdi. Araz müəllim məni vurandan sonra əhali qızışıb. Mən yerə yıxılandan sonra insanlar hərəkət etməyə başlayıb”.

Malik Salahov da aksiya günü icra hakimiyyətinə gedib. Amma camaata qarışmayıb, kənardan izləyib. Deyir ki, anidən nəsə tappıltı səsi gəldi və ondan sonra aləm qarışdı.

“Getdik çatdıq icra hakimiyyətinin qabağına, mən də getmişdim. Orada nəsə tappıltı oldu. Bilmirəm, indi kimi deyir ki, gözyaşardıcı qaz atıldı, kimi deyir ki, rezin güllə atılıb, amma nəsə atıldı. Atılanda uşaqlar qorxub qaçdı, qaçanda polislər dubinkanı əllərindəki dəmirlərə vururdular ki, müdafiə olunsunlar. Uşaqlar da qaçıb getdilər, daşı götürdülər. Mən bilmirəm, kim atdı, kimə dəydi”.

“Klubdan çıxarkən Araz Şahverdiyev Calal adlı qəsəbə sakininə nalayiq söyüşlər söyərək hədə-qorxu gəlirdi. Calal da bildirdi ki, Araz müəllim, bu söyüşlərinizin arxasında dura biləcəksiniz? Ondan sonra Calalı necə tutublar, necə olub xəbərimiz yoxdur”- deyir Taleh Şükürov.

Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyevlə danışmaq istədik. Növbətçi hissədən bildirdilər ki, rəis sahəyə çıxıb, işdə deyil. Hadisə ilə bağlı xəbərdar olmadıqlarını dedilər. “Biz o haqda heç nə bilmirik. O haqda heç nə yoxdur”- növbətçi hissədən bildirilib.

DİN-in mətbuat xidməti də suallarımıza cavab verməyib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, bir xidməti avtomobilin şüşələrinin sındırıldığı yazılıb.

Aksiyada həbs olunan 5 nəfər- Gülağa Əliməmmədov, Cəlal Quliyev , İlkin İsgəndərov, Zaur Hacıyev, Ülvi Quliyev barəsində  3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Onlar CM-nin 186.2.2 (özgə əmlakı məhv etmə – partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddələri ilə ittiham edilirlər.

Ana səhifəVideo”Polis rəisi başımdan dubinka ilə vurdu”