Polis: Narahat olma, səni də gətirəcəyik bura


“Sən kişi olsaydın, bacılarını bura gətirməzdik”

Fevralın 18-də Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar.

Bu barədə Meydan TV-yə bloqqerin özü məlumat verib. Onun sözlərinə görə, zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. O.Teymurxan polis əməkdaşları ilə telefon danışığının səs yazısını da Meydan TV-yə təqdim edib.

Adını açıqlanmayan polis əməkdaşı O.Teymurxana “Sən kişi olsaydın bacılarını bura gətirməzdik” deyir və onu hədələyir.

Bloqqerin sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərinə görə incidilir. Ailəsindən O.Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.

Orduxan Teymurxan

Bir müddət əvvəl bloqqerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan etmişdi.

Meydan TV 32-ci polis bölməsi ilə əlaqə saxlayıb. Özünü bölmənin rəisi kimi təqdim edən şəxs “əməkdaşlarımızı iş dalınca göndərmişəm, bölməyə heç bir qadın gətirilməyib” cavabını verib.

O.Teymurxan baş verənlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verəcəyini bildirir.

Ana səhifəVideoPolis: Narahat olma, səni də gətirəcəyik bura