”Polis gedib hər gün maraqlanacaq ki, əcnəbi harada qalır?”

Belə ki, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Foto: Meydan TV


Miqrasiya Məcəlləsinə dəyişilik edildi

“Əcnəbi 3 həftə ərzində Azərbaycanda müxtəlif ərazilərdə qala bilər. Biz əcnəbini nəyə məcbur edirik? Polis gedib hər dəfə maraqlanacaq ki, əcnəbi harada qalır? Bu məsələ ölkənin siyasi rəhbərliyi ilə bir daha müzakirə olunmalıdır”.

Milli Məclisin mayın 30-da keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev belə deyib. O bildirib ki, təyyarə ilə Azərbaycana gələndə elan verilir ki, ölkədə 15 gündən çox qalanlar müvəqqəti qeydiyyata düşməlidir:

“Bu, xaricilərdə mənfi təəssürat yaradır ki, ölkədə insanlar üzərində total nəzarət var. Biz də bəzən ABŞ-a, Böyük Britaniyaya uçanda rastlaşmışam ki, təyyarədə kart paylayırlar. Şəxs onu doldurur və orada qeyd edir ki, ölkəyə daxil olandan sonra hansı oteldə, yaxud hansı ünvanda yaşayacaq. Eynilə viza üçün lazım olan sənədləri dolduranda orada qeyd edir ki, ölkəyə daxil olacaq və hansı ünvanda yaşayacaq”.

Deputat vurğulayıb ki, əgər bu qaydada etmək mümkündürsə, istirahətə gələni qeydiyyata durmağa məcbur etmək doğru deyil:

“Tutaq ki, 3 həftəlik gəlib, bir həftəsini Şəkidə, bir həftəsini Qubada keçirəcək. Hər dəfə gəzdikləri yerlərə qeydiyyata düşməlidirlər? Yaxud da filan oteldə qalacağını qeyd etdi, amma orada qalmadı, məsələn, gedib Şəkidə qaldı. Guya polis onu hər axşam yoxlayacaq ki, məsələn, “Hilton” otelindəsən, ya yox? Bu, nəyi dəyişir, bizim xüsusi xidmət orqanlarına nə verir ki, biz bunu tələb edirik?”

Q.Həsənquliyev deyib ki, ölkənin imicinə ziyan vuran bu məsələ dəfələrlə qaldırılsa da, həllini tapmır:

“Bu məsələ həm də siyasi məsələdir, Oqtay müəllim, mən xahiş edirəm ki, ölkənin siyasi rəhbərliyi ilə də bu məsələ müzakirə olunsun”.

Spiker Oqtay Əsədov isə deyib ki, ölkəyə gələn şəxsin harada qalması bilinməlidir:

“Əcnəbinin qeydiyyat məsələsinin hansı formada həllini tapması məsələsinə isə gələcəkdə baxıla bilər”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Q.Həsənquliyev əcnəbilərə vətəndaşlıq verilməsi məsələsinə də toxunub:

“Bir çox ölkədə vətəndaşlığı pulla satırlar. Yaxud müəyyən məbləğ müəyyənləşdirirlər ki, o məbləğdə ölkəyə investisiya qoysan, ya daimi yaşayış hüququ alarsan, yaxud da vətəndaşlıq əldə edə bilərsən. Məsələn, Malta və Kipri misal kimi göstərmək olar. Hesab edirəm ki, bu məsələ də müzakirə olunmalı, Azərbaycan da artıq dünyada qəbul olunmuş bu praktikadan istifadə etməlidir. Ölkənin iqtisadiyyatına kifayət qədər böyük məbləğdə vəsait yatıran xarici investorlar əgər arzulayarlarsa, onlara vətəndaşlıq hüququ verilsin”.

Müzakirələrdən sonra əcnəbilərə güzəştləri nəzərdə tutan layihə təsdiq edilib. Dəyişikliyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların da sayı artırılıb.

Belə ki, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Ana səhifəXəbərlər”Polis gedib hər gün maraqlanacaq ki, əcnəbi harada qalır?”