Özkan Boz və Berk Talay üç aydır 15-ə qədər ölkəni gəzib musiqilərini tanıdırlar. “Dünyanın izindəki səslər” qrupu “Dünyada sülh” şüarı ilə etnik, xalq musiqilərini dilə gətirirlər. Indiyədək gəzdikləri ölkələrdə küçədə rahatlıqla ifa edə biliblər. Dediklərinə görə, Azərbaycana çatanda polis onlara icazə verməyib.
“Küçədə ifa etmək bizim üçün sadəcə pul qazanıb, həyatımızı yaşamaq demək deyil. İnsanlarla nəyisə paylaşmaq, öz mədəniyyətimizi və onların mədəniyyətini anlamaqdır. Amma küçədə ifa etmək istədikdə polis bizə “15 gün həbsdə yatarsınız, burada ifa edə bilməzsiniz, ya da qazandığınız pulun bir hissəsini bizə verməlisiniz” dedi. Polisin adamlarından biri “siz çoxsunuz, biz aramızda pulu bölüşdürsək, mənə çox pul düşməyəcək” kimi çirkin şeylər dedi”.
Gənclər Tükiyədə musiqi müəllimi ixtisasını oxuyublar. Səfərləri boyunca bir neçə ölkədə konsert verib, yeni tanışlar qazanıblar. Azərbaycanda bir həftədən çox qalmağı düşünsələr də, polisin onlara qadağasından sonra 3 gün keçməmiş qayıdırlar.
İttihamlarla bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
İfaçıların polislə bağlı xoş təəssüratları olmasa da, insanlarla ünsiyyət üçün bura yenidən qayıdacaqlarını deyirlər. Almaniyadan başlanan tur Azərbaycandan sonra İranda bitəcək.