Murad Əliyev

Mənbə: Meydan TV

Başlıq: Murad Əliyev

“Polis bölməsində udduğu dəmir parçası hələ də mədəsindədir”

Məqalə yeniləndi:  25 Sentyabr 2020

Faidə Əliyeva deyir, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Murad Əliyevin vəziyyəti ağırdır

“Polis şöbəsində üstündən çıxan narkotikin üstünə 123 qram da özləri əlavə ediblər, döyüblər, o da etiraz edərək dəmir parçası udub. Sonra da Kürdəxanı təcridxanasına etap edilib, 6 aydır ki, dəmir parçası mədəsindədir, vəziyyəti ağırdır”.

Bunu Meydan TV-yə Lənkəran sakini Faidə Əliyeva deyir. Onun sözlərinə görə, 6 aya yaxındır ki, 30 yaşlı oğlu Murad Əliyev həbs olunub. Xanım iddia edir ki, oğlu polis şöbəsində saxlanılarkən etiraz əlaməti olaraq dəmir parçası udub və hazırda saxlandığı 1 saylı İstintaq Təcridxanasında vəziyyəti ağırdır.

“Narkotik alveri ittihamına etiraz edib”

“Oğlum 7 ay olardı ki, pis çevrəyə düşmüşdü, narkotikə qurşanmışdı. Aprelin 3-də Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi tərəfindən tutulub, bölməyə aparılıb. Orada üstündən 2 qram narkotik çıxıb. Buraxılması üçün bizdən 6 min pul istənildi, verə bilmədik, dedilər, özünüz bilərsiz, gedib o puldan da artığını hakimə, prokurora verib, buraxdırarsız. 2 qram narkotikin üstünə 123 qram da özləri əlavə edib, 125 qram sənədləşdiriblər. Oğlum da bu haqsızlıqla razılaşmayıb, elə polis bölməsində dəmir parçası udub. O vəziyyətdə məhkəmə qarşısına çıxarıblar, məhkəmə barəsində həbs-qətimkan tədbiri seçib, Kürdəxanıya – 1 saylı İstintaq Təcridxanasına etap olunub”, - ana danışır.

Faidə xanım deyir, istintaq təcridxanasında saxlanılan oğlu ilə indiyədək iki dəfə görüşüb, oğlu ona polis bölməsində döyülməsindən və hazırda durumunun ağır olmasından danışıb:

“Murad deyir, narkotikdən istifadə edib, ancaq alveriylə məşğul olmayıb. Onu şərləyiblər. Deyir, polis bölməsində ondan soruşublar ki, 2 qram narkotiki hardan əldə eləmisən, o da deyib, siz vermisiz Zaura, o da satıb mənə... Bunu dediyinə görə oğlumu saxlandığı gün saat 4-dən 9-a kimi döyüblər. Deyir, böyrəklərimə, kürəyimə, qarnıma durmadan vururdular. Huşumu itirirdim, başıma su töküb ayıldırdılar, yenə döyürdülər”.

“Rəis deyir, əməliyyat olunmasa, oğlun öləcək”

Faidə xanımın deməsinə görə, sentyabrın 22-də yenə oğlu ilə telefon danışığı olub, səsindən vəziyyətinin dözülməz olduğunu hiss edib. 1 saylı İstintaq Təcridxanasının rəhbərliyi də ana ilə əlaqə saxlayıb, Murad Əliyevin vəziyyətinin ağır olduğunu deyib:

Faidə Əliyeva və oğlu Murad Əliyev

Faidə Əliyeva və oğlu Murad Əliyev

Mənbə: Meydan TV

“İstintaq Təcridxanasının rəisi deyir, Murad bir dəfə Penitensiar Xidmətin Müalicə Mərkəzinə götürülüb, əməliyyat etmək istəsələr də, ərizə yazaraq əməliyyatdan imtina edib. Rəis deyir, oğlunu yola gətir, əməliyyata razılıq versin, yoxsa öləcək. Oğlumsa deyir, məni döyən, üzərimə əlavə narkotik atan polislər cəzalandırılmasa, mənə istifadəçi olduğum halda, narkotik satışı maddəsi üzərimdən götürülməsə, hər hansı tibbi müdaxiləyə imkan verməyəcəm”.

Murad Əliyev Cinayət Məcəlləsinin 234.4.3 (Külli miqdarda narkotik vasitənin satışı) maddəsi ilə həbs edilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirilib ki, bu iş üzrə istintaqa Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi apardığına görə məlumat verə bilməzlər. Xətai RPİ-dən isə Meydan TV-yə heç bir məlumat verilməyib.

Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəisi Mehman Sadıqov məsələ ilə bağlı Meydan TV-yə deyib:

“Dəmir parçası 6 ay adamın bədənində qalarmı? Mən bu məsələni şərh etməyə belə utanıram. Belə şey ola bilməz”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/924cof

Ən çox baxılan