Polad Bülbüloğlu: “Şuşalılar məni özlərinə deputat seçsələr, hədsiz dərəcədə sevinərəm” (yenilənib)

Polad Bülbüloğlu. Foto: Wikipedia

Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacağı təsdiqlənib.

Bu barədə “Modern.az” saytına 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından bildiriblər.

Qeyd olunub ki, səfir artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən YAP-ın namizədi Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışovadır.

Həmin dairədən Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağı da namizədliyini irəli sürüb.

Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir.

Bu barədə Konstitusiyanın 85-ci maddəsinin II bəndində bidirilir.


Səfir-müğənni namizədliklə bağlı suala diplomatik cavab verib

18 ildir Azərbaycanı Rusiyada təmsil edən səfir Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində iştirakını istisna etməyib.

“Novoye-vremya” saytının bu barədə sualına cavabında səfir-müğənni deyib ki, parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir:

“Şuşalılar məni özlərinə deputat seçsələr, hədsiz dərəcədə sevinərəm”.

Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. Nazir işlədiyi illərdə iki dəfə deputat mandatı alıb. Birinci dəfə 1990-cı ildə Azərbaycan SSR-nin Ali Sovetinə keçirilən seçkilərdə, ikinci dəfə 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən mandat qazanıb.

1998-ci ildə mədəniyyət naziri təyin oldunduğundan qanunvericiliyin dəyişməsi səbəbindən deputat mandatını təhvil verib.

P.Bülbüoğlu 2006-cı ildən Rusiyada səfir vəzifəsində çalışır.

1982-ci ildən “Xalq artisti” olan P.Bülbüloğlu 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf”, 2020-ci ildə “Heydər Əliyev” və Rusiyanın “Dostluq” ordenləri ilə təltif edilib.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

İyulun 24-nə olan məlumata görə, növbədənkənar parlament seçkilərində 1200-ə yaxın adam namizəd olmaq üçün müraciət edib, onlardan 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSeçki 2024Polad Bülbüloğlu: “Şuşalılar məni özlərinə deputat seçsələr, hədsiz dərəcədə sevinərəm” (yenilənib)