Baş redaktorun məhkəməsi yekunlaşır
“Xeberman.com” saytının həbsdə olan baş redaktoru Polad Aslanovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar oktyabrın 8-də məhkəmədə elan olunub. Bir həftə sonra çıxışlar mərhələsi başlayacaq və prokuror ona cəza istəyəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində P.Aslanovun işi üzrə son məhkəmə iclasında məlum olub ki, şahidlər məhkəməyə gəlməyib. Amma istintaqdakı ifadələrini təsdiqləmələri barədə teleqram göndəriblər. Həmin şahidlərin arasında 2015-ci ildən İslam Partiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Akif Heydərov, İslam Partiyasının keçmiş üzvü Elçin Manafov, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynovun anası Rəhimə Hüseynova da var.
R.Hüseynova səhhətindəki problemlərə görə məhkəməyə gələ bilməyəcəyini deyib.
Hakim bildirib ki, daha iki şahid – Ramiz Həsənov və Rauf Qurbanlı dəfələrlə məhkəməyə çağırılsalar da, gəlməyiblər. Hakimin sözlərinə görə, bu iş üzrə 22 şahiddən 17-si məhkəmədə dindirilib. Məhkəmə bunu yetərli sayır.
Jurnalistin vəkili Elçin Sadıqov bununla razılaşmayıb. O bildirib ki, məhkəmənin gəlməyən şahidləri məcburi gətirmək səlahiyyəti var: “Əgər gəlmirlərsə, qanunda nəzərdə tutulmuş qaydada polis vasitəsilə onları məcburi gətirə bilərsiniz”.
Hakimlər razılaşmayıb və məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Növbəti məhkəmə iclası oktyabrın 15-nə təyin edilib. Bu iclasda çıxışlar mərhələsi başlanacaq. Öncə dövlət ittihamçısı, sonra vəkil çıxış edəcək. Ardınca P.Aslanov son sözünü deyəcək və hökm oxunacaq.
P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova məhkəmə araşdırmasından narazı qalıb. O, Meydan TV-yə bildirib ki, məhkəmə qərəzli keçirildi: “Hakim sanki harasa tələsirdi. Tez-tələsik işi bağlamaq istəyirdi”.
P.Aslanov oktyabrın 1-də keçirilən əvvəlki məhkəməsində bildirmişdi ki, vəkili Elçin Sadıqova qarşı təzyiqlərə etiraz olaraq, aclığa başlayıb. Həyat yoldaşının sözlərinə görə, o, saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova da aclığa başlaması və bunun səbəbləri barədə yazılı ərizə verib.
“Oktyabrın 2-dən aclığı dayandırması üçün təzyiqlərə məruz qalıb. Onun saçını qırxıblar. Qollarını qandallayaraq, daha dörd nəfər dustaqla birlikdə “karsa” salıblar. Müxtəlif xəstəlikləri olan bir adamı betonun üstündə yatmağa məcbur ediblər. Dörd gün “karsda” saxlanılıb. Aclığı dayandırması üçün onunla birlikdə “karsda” saxlanılan dustaqlar da ona təzyiq edib deyirmiş ki, “biz sənə görə buradayıq, sən aclığı dayandır, bizi də çıxarsınlar”, – deyə G.Aslanova bildirib.
P.Aslanovun səhhərində hazırda da ciddi problemlər olduğunu deyən həyat yoldaşının sözlərinə görə, ona heç bir tibbi yardım göstərilmir.
G.Aslanova həyat yoldaşının durumuyla əlaqədar Ombudsman Səbinə Əliyevaya da şikayət edib.
Penitensiar Xidmət isə P.Aslanovun təzyiqlərə məruz qalması barədə deyilənləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin hüquq və azadlıqları qanunvericiliyə uyğun qorunur.
P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, o, Dəyanət Babayevi ölümlə hədələyib.
P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.
P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.
Onun işinə 8 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.