Nadir Ağaverdiyev: ”Sürücü ayaq üstə dayana bilmirdi”
Martın 19-da Bakının Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 168 saylı avtobus piyada 47 yaşlı Mehriban Nadir qızı Ağaverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Bu barədə Meydan TV-yə M.Ağaverdiyevanın qardaşı oğlu Nadir Ağaverdiyev məlumat verib. Onun sözlərinə görə, hadisə Maştağa vağzalı yaxınlığında baş verib:
“Əvvəlcə başı dəyib maşına. Sonra avtobus onu sürüyüb. Nəticədə hadisə yerində vəfat edib”.
N.Ağaverdiyevin sözlərinə görə, avtobus sürücüsü özündə olmayıb:
“Sürücü “morq”un qabağında idi. Ayaq üstə dayana bilmirdi, gözləri də qıpqırmızıydı. Sanki ya içkili idi, ya da narkotik qəbul etmişdi. Polis gördü ki, biz gəldik, götürüb apardı ekspertizaya”.
DİN-in ictimaiyyətlə əlaqələr şöbəsindən münasibət öyrənmək mümkün olmayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Meydan TV-yə deyib ki, məsələ araşdırılır. Müvafiq qurumların rəyindən sonra ictimaiyyətə açıqlama veriləcək.