Vaqif Əsədov: ”Cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırır”
Paytaxtda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib.
“Report” yazır ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov Piyadaların hüquq və vəzifələrinin “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsi ilə tənzimləndiyini xatırladaraq bildirib ki, qanunun tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.
O, yolun təyin edilməyən yerindən keçən piyadaların əksəriyyətinin 21-30 yaş arasında olan şəxslər olduğunu deyib:
“Onların da çoxu əmək fəaliyyəti məşğul olanlar və tələbələridir. Cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırır. Buna görə də həmin şəxslərin yaşadıqları ərazilərdəki sahə rəislərinə, tələbələrin oxuduqları təhsil müəssisələrinə, əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işlədikləri müəsissə və idarələrə müraciət edilib. Cərimələr işləyənlərin əmək haqqlarından tutulacaq. Piyadalardan bir daha xahiş olunur ki, piyada keçidindən istifadə etsinlər”.
Onun sözlərinə əsasən, Bakının 70 küçə və prospekindəki yerüstü və yeraltı keçidlər yol polisi əməkdaşları tərəfindən tam nəzarətə götürülüb:
“Həmin ərazilərdə yol polisləri yaxın məsafələrdə xidmət aparır. Yol hərəkət qaydalarını pozan piyadalar aşkar edilərək, məsuliyyətə cəlb olunurlar”.
V.Əsədov yanvarın 27-dən indiyədək Bakıda 5 yol qəzası baş verdiyini söyləyib:
“Nəticədə 6 nəfər xəsarət alıb və 2 nəfər ölüb. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir. Xatırladım ki, 2016-ci il ərzində 138 000 piyada qayda pozduğuna görə cərimələnib. Həmin il qəzaların 60 faizi məhz piyadaların vurulması ilə nəticələnib”.