Kənd sakini: ”Bizə söylədilər ki, prezident Şamaxıda muzeyin açılışına gələcək, tədbir keçiriləcək, orda nümayiş etdiriləndən sonra qaytarılacaq”
Lerikin Lərmərut kəndindəki pirdən qoç abidələri yoxa çıxıb. Yerli əhali iddia edir ki, abidələri icra nümayəndəsi maşınlara qoyub aparıb. Sonra həmin abidələrin Şamaxıda Dəmirçi kəndində Heydər Əliyev Fondunun dəstəyilə açılan Arxeoloji Muzeydə nümayiş etdirildiyi məlum olub.
Bu barədə kənd sakinləri Meydan TV-yə danışıb.
Sakinlərdən Zeynal Baxışzadə bildirib ki, Mədəniyyət Nazirliyindən avqustun 12-də gəlib qoçları tədbir adı ilə apardılar. Ancaq avqustun 19-da gətirəcəklərini dedilər:
“Bizə söylədilər ki, prezident Şamaxıda muzeyin açılışına gələcək, tədbir keçiriləcək, orda nümayiş etdiriləndən sonra avqustun 19-da qaytarılacaq. Amma qoçları aparan şəxslər telefonlarına zəng çatmır”.
Mədəniyyət Nazirliyi baş verən hadisə ilə bağlı İsmayıllı Regional Mədəniyyət Mərkəzinin sədri Elnur Hüseynovla əlaqə saxlamağı tövsiyə etdi.
İsmayıllı Regional Mədəniyyət Mərkəzinin sədri Elnur Hüseynov Meydan TV-yə dedi ki, abidələr qoçlar Lerik və İsmayıllı rayon icra hakimiyyətlərinin birgə razılaşması əsasında muzeyə aparılıb:
“Bu məsələyə adları çəkilən rayonların icra hakimiyyətləri reaksiya verməlidirlər, biz yox”.
Lerik və İsmayıllı rayonların icra hakimiyyətlərindən münasibət öyrənmək mümkün olmayıb.