3 il əvvəl pilot layihə ilə binaları sökülən sakinlər Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısında etiraz edirlər. Nazirlər Kabinetinin qərarına əsasən köhnə binaların yerində yeni bina inşa olunub sakinlərə verilməliydi. Tikintini “Fədək” MMC həyata keçirirdi, ancaq ötən ildən işlər dayandırılıb.
Şikayətçilərin suallarını cavablandıran Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Qurban İsmayılov deyir ki, 3 ailə binadan köçmədiyindən tikinti işləri dayandırılıb. İş hazırda məhkəmədədir.
Vətəndaşlar iddia edir ki, Baş Mühazifə İdarəsi işi dayandırıb. Tikintini aparan “Fədək” MMC-nin direktoru saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Tikintiylə bağlı bütün sənədlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.
Sakinlər binalarının təhvil verilməsini tələb edirlər. İcra başçısının müavini bildirir ki, Ali Məhkəmənin sentyabrın 25-də çıxardığı qərardan sonra tikinti yenidən başlaya bilər.
Müqaviləyə görə binanın tikintisi iki ilə başa çatdırılmalıydı. 2017-ci ildə hələ pilot layihənin tikintisi gedən zaman kameramıza danışan sakinlər şirkətə güvənmirdilər. Onlar “Fədək” MMC-nin təsisçisi Yavər Qurbanova 2009-cu ildə dələduzluq maddəsi ilə cinayət işi açılmasını bildirərək, bu şirkətə necə pilot layihənin verilməsini mübahisələndirirdilər.