”Piketə çıxmamış öz həbs paketimi də toplayıram”

“Çəkməçiliyin birinci sirri həvəsdir, ikincisi də ehtiyac. (gülür) Bu, elə bir sənətdir ki, mövcud şəraitdə bu işlə heç vaxt milyoner olmayacaqsan. Amma acından ölməyə də qoymayacaq insanı”.

Füzuli Hüseynov 31 ilin çəkməçisidir. Məhəllələrində o, “çəkməçi Füzuli” adıyla tanınır. Siyasi məhbus ailələri üçün isə övladlarını müdafiə edən “tək adam” kimi. O, dəfələrlə təkbaşına piket keçirib, “siyasi məhbuslara azadlıq” şüarı qaldırıb.

“Bu piketlərin əks-sədası fövqəladə olur. İnsanlar yaxınlaşıb, maraqlanırlar. Telefonlarına şəklimi çəkirlər. Bəlkə siyasətdən tamamilə uzaqdırlar, amma siyasi məhbus olması faktı onlara maraqlıdır. Yaxınlaşıb soruşurlar ki, bax, bu insan nəyə görə tutulub, nə qədər vaxtdır həbsdədir?”-Füzuli Hüseynov deyir.

54 yaşlı Füzuli Hüseynovun çıxdığı bütün piketlər polis müdaxiləsi il sonlanıb. Polisin qanuni tələbinə tabe olmamaq maddəsilə cərimələnib, həbs olunub. Lakin aksiyaları keçirməkdə davam edib:

“Siyasətlə məşğul olan kəs çıxıb cəmiyyətə mesaj göndərirsə və bilirsə ki, buna görə onu həbs edəcəklər, deməli, o, çıxmaya bilmir. Əgər bir siyasi məhbus içəridə oturursa, onun ailəsini ağlıma gətirirəm, evindəki qocaları, xəstələri düşünürəm. Və mən artıq bu piketlərə çıxmaya bilmirəm. Son zamanlar piketə çıxmamış öz həbs paketimi də toplayıram, elə çıxıram. Bilirəm ki, həbs edəcəklər”.

Füzuli Hüseynov deyir ki, onunla yeni tanış olanlar danışığına baxıb ali təhsilli olduğunu düşünürlər. Özü isə bu dünyagörüşünə görə məhz çəkməçilik işinə borclu olduğunu deyir:

“Oturaq iş olduğuna görə… Bir çəkməçi oturub işləyirsə, onun yanında radiosu olur. Telefonunu yandırır. Və o, işləyə-işləyə öz dünyagörüşünü, siyasi savadını genişləndirir”.

Çəkməçi Füzuli 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. O gündən-bu günə siyasi fəallıq edir. O, 2003-cü il prezident seçkiləri, 2005-ci il parlament seçkiləri dövründə də etdiyi etirazlara görə həbs edilib. Hazırda ifadə azadlığının pozulması ilə bağlı verdiyi 3 şikayət Avropa Məhkəməsindədir.

“Hər-halda yaşayırıq. Borcumuz yoxdur. Bu, mənim üçün böyük bir rahatlıqdır. Amma ki, çətinliklə dolanırıq. Bura mənim yataq otağımdır. Belə bir şəraitdə yaşayıram. Baxanda adama ağır gəlir ki, İlham Əliyevin ailəsinin Londonda mülkləri, qəsirələri var, Dubayda neçə-neçə villaları var”-Füzuli Hüseynov gileylənir.

Onun aksiyalarını öncədən 2 nəfər bilir. Bir özü, bir də şəklini çəkən şəxs. Başqa heç kimə xəbər vermir. Səs-küysüz etiraz edir. Onun üçün haqsıqlığa etiraz edib, həbs olunub, azadlığa çıxıb yenidən çəkməçi işini davam etdirmək artıq normadır. Etdiyi aksiyalara görə heç kimdən təşəkkür gözləmir, bunu iç rahatlığı üçün etdiyini deyir.

Ana səhifəVideo”Piketə çıxmamış öz həbs paketimi də toplayıram”